Kaspersky mütəxəssisləri Telegram-da yeni fırıldaqçılıq sxeminin təfərrüatlarını açıqlayıblar. Təcavüzkarlar insanları guya ChatGPT 4.0 əsasında çalışan çatbot vasitəsilə tələyə salırlar. Botun müəllifləri iddia edirlər ki, profilinə keçid və ya telefon nömrəsinə malik olmaqla şəxsin sızan fotolarını bu bot üzərindən axtarmaq olar. Fırıldaqçıların əsas məqsədi istifadəçilərin pullarını oğurlamaqdır.
Bu nə botdur belə? Çatbotun təsvirində deyilir ki, ondan artıq 10 mindən çox insan istifadə edib və xidmət bazasında 10 milyondan çox foto və video toplanıb. Botun müəllifləri romantik partnyoru bu yolla yoxlamağı təklif edirlər.
Fırıldaqçılıq (scam) sxemi necə işləyir. Çatbot işə salındığı zaman maraqlandığınız şəxsin məşhur sosial şəbəkələrin hər hansı birindəki profilinə keçid linki göndərməyinizi xahiş edən bir mesaj görünəcək. Bundan sonra xidmət iş prosesini təqlid etməyə başlayacaq – əvvəlcə “axtarış davam edir”, sonra “səhifə məlumat bazasında tapıldı” və “material göndərilir” mesajını göstərəcək. Bu mərhələdə bəzi ekran görüntüləri də meydana çıxacaq, lakin onlarda nə göstərildiyini müəyyən etmək mümkün deyil – görüntünün özü gizlədilir. Botun müəllifləri materialların sızmasının təxmini tarixini, həmçinin həmin insana aid neçə intim foto və video tapıldığını göstərir.
Bu mərhələdə istifadəçiyə məlumat verilir ki, şəkillər artıq yığılıb və göndərilməyə hazırdır. Bununla belə, onları əldə etmək üçün məlumatlar bazasına birdəfəlik giriş qarşılığında “kiçik” və ya məhdudiyyətsiz giriş üçün “bir qədər yüksək” məbləğ ödəmək tələb olunur. Pulu köçürsəniz, heç bir fotoşəkil əldə etmirsiniz və pul təcavüzkarların cibinə gedir.
“Fırıldaqçıların tez-tez Telegram çatbotlarını istifadəçilərdən pul qoparmaq üçün istifadə etdiyini görürük. Bu, yəqin ki, bu cür platformaların necə işlədiyinin hər kəsə məlum olmaması ilə bağlıdır. Saxta çatbotlara keçidlər adətən müxtəlif kanallardakı yazıların altındakı şərhlərdə yayılır”, – deyə Kaspersky-nin məzmun analitiki Olqa Svistunova qeyd edir.
Təcavüzkarların tələsinə düşməmək üçün kibertəhlükəsizlik mütəxəssisləri tövsiyə edirlər:
• son dərəcə cəlbedici və şübhəli onlayn təkliflərə tənqidi yanaşın;
• dostlar tərəfindən göndərilmiş olsa belə, şübhəli mesajlardakı linklərə keçid etməyin;
• Kaspersky Premium kimi fişinq və ya öz-özünə açılan linkin qarşısını alacaq etibarlı təhlükəsizlik həllini quraşdırın.