Google şirkəti bu ilin payız fəslində Google Pixel 8 smartfon seriyasını təqdim edəcək. Sözügedən smartfon seriyasına daxil olacaq modellərin Google Tensor G3 prosessoru vasitəsilə çalışacaqları gözlənilir. İndi isə insayderlər bu prosessor barəsində məlumatlar veriblər. Onların sözlərinə əsasən Google Pixel 7 smartfonlarında istifadə edilən Google Tensor G2 prosessorundan fərqli olaraq Tensor G3-də ciddi dəyişikliklər olacaqlar.
Belə ki, Tensor G3-də yenilənmiş ARMv9 nüvələrindən istifadə ediləcək və nüvələr “4 + 4 + 1” sxemi üzrə paylanacaqlar. Beləliklə Tensor G3 prosessoru 9 nüvəli olacaq. Onlardan biri Cortex-X3 nüvəsi, dördü Cortex-A715 nüvəsi, digər dördü isə Cortex-A510 nüvəsi olacaq. Nüvələrin bu cür sxem üzrə paylanması sayəsində Tensor G3-ün performans göstəriciləri yüksələcək. Bununla yanaşı məlumatlarda qeyd edilib ki, Tensor G3 özündə Mali-G715 qrafik çipini birləşdirəcək və UFS 4.0 standartlı daxili yaddaş həcmlərini dəstəkləyəcək.