Kaspersky mütəxəssisləri darknetdə (qaranlıq internetdə) bir neçə forumda – rusdilli və beynəlxalq forumlarda dipfeyk (deepfake) videoların yaradılması xidmətlərini təklif edən reklamları təhlil ediblər. Dərc edilmiş hesabatlara əsasən, bir dəqiqəlik belə bir videonun yaradılmasının dəyəri 300 ABŞ dolları ilə 20 min dollar arasında dəyişir.
Onlar müxtəlif məqsədlər, məsələn, fırıldaq sxemlərində, siyasi manipulyasiyalarda, qisas və kiber zorakılıqda istifadə üçün yaradıla bilər. Bununla belə, günümüzdə bu cür inandırıcı saxta videoların yaradılması texniki təcrübə və ən müasir proqram təminatı tələb edir. Qaranlıq internetdə müvafiq xidmətlər və alətlərə olan tələb təklifi çox üstələyir. Dipfeyk yaratmaq və ya satın almaq üçün qiymətlər layihənin mürəkkəbliyindən və son məhsulun keyfiyyətindən asılı olaraq dəyişə bilər.
Təhlil edilmiş reklamların böyük əksəriyyətində kriptodələduzluqlar üçün dipfeyk yaratmaq xidmətləri təklif edirlər. Söhbət kriptoyayım xidməti (streaming) və ya saxta kriptovalyuta lotereyalarından gedir. Bu, təcavüzkarların izləyiciləri kriptovalyutanı onların hesabına köçürməyə inandırdığı məşhur bir fırıldaq sxemidir. Fırıldaqçılar bunu etmək üçün saxta məşhur videolardan istifadə edir və ya sosial media platformalarında canlı yayıma başlamaq üçün köhnə video yazıları birləşdirirlər. Adətən onlara göndərilən ödənişi ikiqat artırmağa söz verirlər. Hədəf seçilmiş şəxs təcavüzkara inanırsa, o, böyük miqdarda pul itirmək riski ilə üzləşir.
Qaranlıq internet satıcıları həmçinin pornoqrafik videolar yaratmaq üçün xidmətlər təklif edir və bəziləri bu cür videoların yaradılması üçün təlimatlar hazırlayırlar. Təəssüf ki, bu cür dərin saxtakarlıqlar təqib və şantaj üçün də istifadə edilə bilər.
“Öz-özlüyündə dipfeyk texnologiyaları nə yaxşı, nə də pisdirlər. Əhəmiyyətli olan insanların onlardan necə və hansı məqsədlə istifadə etməsidir. Biz görürük ki, təcavüzkarlar onlardan getdikcə daha çox müxtəlif fırıldaqları, o cümlədən maliyyə fırıldaqlarını həyata keçirmək üçün istifadə edirlər. Texnologiya inkişaf etməyə və daha əlçatan olmağa davam etdikcə şirkətlər və fərdlər özlərini dipfeyklə əlaqəli rəqəmsal hücumlardan qorumaq üçün addımlar atmalıdırlar. Bu gün müdafiənin əsas qaydası şəbəkədə olan istənilən məlumata həssas yanaşmaq və rəqəmsal savadlılığı artırmaqdır. Dipfeykin şirkətlərə qarşı məqsədyönlü hücumlarda istifadə oluna biləcəyini nəzərə alaraq, müəssisələr işçilərə internetdə təhlükəsiz davranışın əsaslarını öyrətməyə daha çox diqqət yetirməlidirlər. Biz həmçinin şəxsi istifadəçilərə fişinq və ya fırıldaq resursuna keçmələrinin qarşısını alacaq təhlükəsizlik həllərindən istifadə etməyi tövsiyə edirik”, – deyə Kaspersky-nin aparıcı məlumat mütəxəssisi Vladislav Tuşkanov qeyd edir.
Kibertəhlükələrdən qorunmaq üçün Kaspersky şirkətlərə tövsiyə edir:
- şirkətinizdə hansı kibertəhlükəsizlik tədbirlərinin olduğunu yoxlayın – söhbət təkcə təhlükəsizlik həllərindən deyil, həm də İT mütəxəssislərinin hansı bacarıqlara malik olmasından gedir. Hansı təhdidlərin biznesinizə təhlükə yarada biləcəyini anlamaq üçün Kaspersky Threat Intelligence-dən istifadə edin;
- işçilərin dipfeykin nə olduğunu və nə üçün ciddi təhlükə olduğunu bildiyinə əmin olun və onların onu tanıması üçün mütəmadi qaydada müvafiq təlimlər keçirin. Kaspersky Automated Security Awareness platforması rəqəmsal savadlılıq səviyyəsini artırmağa kömək edir;
- dipfeykin-in əsas əlamətləri bunlardır: cəld hərəkətlər, bir kadrdan digərinə keçərkən işıqlandırmanın dəyişməsi, dəri tonunun dəyişməsi, qəribə yanıb-sönmə və ya göz qırpmama, nitqlə zəif sinxronlaşdırılan dodaq hərəkəti, təsvirdə təhrif, qəsdən aşağı keyfiyyətlə kodlanmış və zəif işıqlandırmada çəkilmiş video.
Kaspersky Digital Footprint Intelligence xidməti darkneti izləyir və dipfeyk sənayesi haqqında qiymətli məlumatlar toplayır, tədqiqatçılara bu sahədə ən son tendensiyaları və fəaliyyətləri izləməyə, dipfeky yaratmaq və yaymaq üçün istifadə olunan yeni alətlər, xidmətlər və bazarları tapmağa imkan verir.