Kaspersky-nin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında dünya üzrə mobil cihaz istifadəçilərinə qarşı troyan-casus proqramı hücumlarının sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 29% artıb*. Bu proqramlar istifadəçinin razılığı olmadan onun şəxsi məlumatlarını toplayır və təcavüzkarlara ötürür. Onlar sosial şəbəkələr və messencerlərdə yazışmalara daxil ola, klaviatura tarixçəsini ələ keçirə və təhlil edə, ekran görüntülərini (skrinşot) çəkə bilərlər və bu onların mümkün funksionallığının tam siyahısı deyil. Zərərli proqram həm adi istifadəçilərə qarşı casusluq etmək, həm də şirkətlərə qarşı kompleks hədəfli hücumları həyata keçirmək üçün istifadə olunur.
Cihazda casus proqramın quraşdırıldığını öz-özlüyündə müəyyən etmək olduqca çətindir. Dolayı əlamətlər arasında batareyanın sürətlə boşalması və ya böyük miqdarda internet trafik sərfiyyatı var. Bununla belə, casus proqramın smartfonunuzda işlədiyindən əmin olmaq üçün təhlükəsizlik həllərindən istifadə etməli və ya mütəxəssislərlə əlaqə saxlamalısınız.
“Şəxs haqqında məlumat toplamaq üçün təcavüzkarlar və pis niyyətli şəxslər casus proqramı və ya stalker proqramından istifadə edə bilərlər. Sonuncular təqib üçün kommersiya proqramlarıdır. Adətən onlardan qurbanla yaxından tanış olanlar istifadə edirlər – bu cür proqram təminatını quraşdırmaq üçün smartfona birbaşa giriş lazımdır”, – deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Viktor Çebışev bildirir.
Təqib qurbanına çevrilməmək üçün Kaspersky istifadəçilərə tövsiyə edir:
- proqramları yalnız rəsmi mağazalardan yükləyin və ya təhlükəsizlik həllindən istifadə edərək quraşdırmaq istədiyiniz proqramları yoxlayın;
- proqramları mütəmadi olaraq yeniləyin – yeniləmələrə birlikdə tərtibatçılar zəifliklər və səhvlər üçün düzəlişlərin daxil olduğu yamaqlar buraxırlar;
- mobil cihazlar da daxil olmaqla, cihazlarınızda Android üçün Kaspersky Internet Security kimi təhlükəsizlik həllindən istifadə edin;
- proqrama hansı icazələri verdiyinizə diqqət yetirin: məsələn, “fənər” tətbiqi kontaktlara giriş tələb etmir;
- Əgər təqib stalker proqramı vasitəsilə həyata keçirilirsə, onu özünüz aşkarlamağa cəhd edə bilərsiniz: bunun üçün Android-də proqramların icazələrini yoxlamaq lazımdır. Tipik olaraq, stalker proqramları kamera və mikrofona girişdən, geolokasiyadan, AccessibilityService-dən istifadə edir və cihazda administrator hüquqlarına malik olur;
- əgər istifadəçi öz cihazında stalker və ya casus proqramı tapırsa, onu dərhal silmək tövsiyə olunmur – təqibin təşəbbüskarı bu barədə tez bir zamanda biləcək və bu halda hansı nəticələrin meydana çıxacağı məlum deyil.
* Anonimləşdirilmiş məlumatlar 2021 və 2022-ci ilin yanvar-sentyabr aylarında Kaspersky həllərinə edilmiş geridönüşlər əsasında əldə edilmişdir.