Mastercard Azərbaycanda “GooglePay”ın işə salınmasını qeyd edir

Bildiyiniz kimi rəqəmsal dünyada qeyri-nağd ödənişlər sürətlə inkişaf etməkdədir. Bəzi sahələrdə isə nağd ödənişlərdən ümumiyyətlə imtina nəzərdə tutulub. Bütün dünyada olduğu kimi bu proses Azərbaycandan da yan keçməyib. Belə ki, bir neçə il öncə tətbiqinə başlanan Nağdsız Azərbaycan proqramı dövlət və qlobal maliyyə brendlərindən olan “MasterCard”ın birgə səyləri ilə uğurla davam etdirilir.

“MasterCard” Azərbaycanda nağdsız ödənişləri təşviq etməkdə maraqlıdır. Bu səbəbdən də davamlı şəkildə bazarda müxtəlif kampaniyalar təşkil etməkdədir. Bundan sonra “Mastercard” sahibləri kartlarını “Google Wallet”ə (Google Cüzdan) əlavə edə və təmassız ödənişlərin qəbul edildiyi yerlərdə “Android” telefonları və geyilə bilən ağıllı cihazları ilə ödəniş edə biləcəklər.

Qeyd olunan mühüm yeniliyi əsas tutaraq Technimum.com “Mastercard”ın Azərbaycan və Türkiyə üzrə yeni təyin olunan baş direktoru Avşar Gürdal ilə müsahibəni təqdim edir.

İcazə verin, əvvəlcə sizi Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edim. Mastercard-ın Azərbaycandakı müştərilərinə təklif etdiyi yeni məhsullar, xidmətlər və həllər haqqında nə deyə bilərsiniz?

Mastercard olaraq Azərbaycanda əsas missiyamız müştərilərin, tərəfdaş bankların və ölkədəki bütün maraqlı tərəflərin xeyrinə olacaq şəkildə nağdsız ödənişlərin payını artırmaqdır. Biz Azərbaycan Mərkəzi Bankı ilə imzalanmış Rəqəmsal Ölkə Tərəfdaşlığı Sazişindən irəli gələn təşəbbüsləri həyata keçirməyə davam edəcəyik.

Bundan başqa, Azərbaycanın regionun aparıcı nağdsız iqtisadiyyatına çevrilməsinə töhfə vermək niyyətindəyik. Mastercard maliyyə institutları, ticarətçilər, hökumətlər və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək sağlam iqtisadiyyat naminə həllər yaratmaq üçün texnologiya, nüfuz və imkanlara malikdir.

 Xüsusilə, 2021-ci ildə ApplePay həllərini uğurla işə saldıq və bu gün Android istifadəçiləri üçün onun alternativi olan GPay-ı (GooglePay) təqdim edirik. Nağd pul əməliyyatlarından təmassız və NFC-yə keçidi stimullaşdırmaq üçün NFC əməliyyatlarını fəal şəkildə təşviq edəcəyik. Biz həmçinin böyüyən NFC biznesimizə töhfə vermək üçün partnyor şəbəkəmizi genişləndirəcəyik.

Platformaya davamlı olaraq yeni partnyorlar cəlb etməklə onlayn alış-verişi sürətli və təhlükəsiz edən və e-ticarət təcrübəsini yenidən formalaşdıran “Card-on-File” həlli olan Masterpass-a sərmayə qoymağa davam edəcəyik.

Ticarət sahiblərinin smartfon və ya planşetini yerindəcə müştərilərin təmassız kartlarından və ya mobil pul kisələrindən ödənişləri qəbul edə bilən təmassız satış nöqtəsi (POS) terminalına çevirən Tap-on-Phone (Telefona toxun) texnologiyasına köklənəcəyik.

Qlobal miqyasda milyardlarla kart, bank və rəqəmsal hesablardan real vaxtda təhlükəsiz ölkəxarici köçürmələri təmin edən platformalarımızı aktiv şəkildə təbliğ edəcəyik.

Azərbaycanda fintex mənzərəsini və Mastercard-ın onunla əlaqəsini necə təsvir edərdiniz?

Mastercard uzun illərdir ki plastik kartlara köklənən bir şirkətdən rəqəmsal ödəniş prosesləri və alətlərinə yönələn bir şirkətə çevirərək fintexə köklənib. Mastercard şirkəti olaraq startapların bazara daxil olmasından başlayaraq davamlı inkişafı üçün asan Mastercard həlləri ilə dəstək oluruq. Təşəbbüs fintexlərə xüsusi hazırlanmış alətlərdən, o cümlədən, StartPath platformasından istifadə edərək öz məqsədlərinə köklənməyə kömək edir – startap iştirakı proqramı fintex şirkətlərinə inkişaf etmək üçün tərəfdaşlıq imkanlarına, məlumatlara və alətlərə çıxış imkanı verir və Mastercard texnologiyasına, tərəfdaşlıqlarına və təcrübəsinə çıxış təmin edir. Məmnuniyyətlə bildiririk ki, Azərbaycan startapı olan SmilePay, dünyanın Mastercard Start Path-a qoşulan səkkiz startapından biridir.

Nə üçün Google Pay və digər mobil cihaz ödəniş həlləri istehlakçılar və ödəniş ekosistemi üçün vacibdir?

GooglePay və digər XPay-ları Azərbaycana gətirən Mastercard müştərilər üçün daha təhlükəsiz və xüsusi ödəniş imkanları təqdim edir, yəni onlara bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuşlar etmək və ya nağd pul mübadiləsi kimi müəyyən əməliyyatlardan yayınmağa kömək edir.

Google Cüzdanı istənilən Android telefonu və ya Wear OS cihazı ilə sürətli, asan və təhlükəsiz ödəniş üsulu təmin edir. Qatarda ödəniş edin, mağazalarda ödəmək üçün toxunun və daha çoxu. Hara getməyinizdən asılı olmayaraq hər şey bir yerdə əlinizin altında olsun.

Google Pay istifadəçilərə hansı faydaları vəd edir?

Smartfonlar bir ünsiyyət vasitəsindən daha artığıdır və insanlar tərəfindən bir yerdən başqa yerə getmək, müxtəlif tədbirlərdə iştirak etmək, yemək sifariş etmək üçün istifadə edilsə də, hal-hazırda kartlarını və loyallıq proqramlarını saxlayırlar.

Bu gündən etibarən Azərbaycanda Mastercard sahibləri öz kartlarını Google Wallet-ə əlavə edə və kontaktsız ödənişlərin qəbul edildiyi yerlərdə WearOS cihazları və Android telefonları ilə ödəniş edə biləcəklər. Google Cüzdanı istənilən Android telefonu və ya Wear OS ilə sürətli, asan və təhlükəsiz ödəniş üsulu təmin edir.

GooglePay Mastercard tərəfdaşı olan ABB, Kapital Bank, Bank Respublika, Unibank, Rabitabank və Paşabank kimi banklarda mövcuddur. Mastercard kart sahibləri artıq həm Mastercard kampaniyalarından, həm də həmin bankların təqdim etdiyi təkliflərdən yararlana biləcəklər.

 Azərbaycanda nağdsız ödənişlərin daha hansı yeni üsulları tətbiq olunacaq? Növbəti 10 ildə gözləməli olduğumuz hər hansı futuristik ödəniş üsulları varmı?

İnanırıq ki, yaxın 10 ildə nağd puldan istifadə çox azalacaq. Biz bütün innovativ həllərimizi bütün dünya ilə yanaşı Azərbaycana gətirdikcə, həmçinin hər yaşda olan insanlar yeni texnologiyalara uyğunlaşdıqca, bəzi innovativ ödəniş üsullarının, o cümlədən, üz tanınması da daxil olmaqla, biometrik ödənişlərin gündəlik ödəniş həlli kimi məşhur olacağını gözləyirik.