Kaspersky-nin Azərbaycanda apardığı araşdırmaya görə, kişilər daha çox fırıldaqçıların qurbanına çevrilirlər (68%). Qadınların fırıldaqçıların qurbanı olma ehtimalının daha az olmasının səbəbləri arasında onların naməlum nömrələrdən gələn zənglərə daha az cavab verməsi, naməlum alıcılardan gələn SMS və ya e-poçtları oxumağa meylli olmaması göstərilir.
Respondentlərin əksəriyyəti – həm kişilər, həm də qadınlar – hər altı ayda bir neçə dəfə dələduzluqla qarşılaşırlar. Fırıldaqçılıq sxemlərində mətn mesajları – SMS və WhatsApp mesajları (55%) üstünlük təşkil edir. Əksər hallarda təcavüzkarlar özlərini bank və ya maliyyə təşkilatlarının (27%), eləcə də tanınmış brendlərin (27%) nümayəndələri kimi təqdim edirlər. Eyni zamanda, telefon fırıldaqçılığı qurbanlarının 62%-i buna qarşı heç ehtiyat tədbiri görmür və onların 71%-i kişilərdir. Üstəlik, pulunu itirənlərin əksəriyyəti nə banka (73%), nə də hüquq-mühafizə orqanlarına (78%) müraciət ediblər.
“Araşdırmanın nəticəsinə görə, qadınların fırıldaqçılar tərəfindən aldadılma ehtimalının daha az olması onların ümumiyyətlə daha ehtiyatlı olmaları ilə bağlı ola bilər. Qadınlar nəinki fırıldaqçılar, hətta tanış olmaq və ya sadəcə olaraq yaramazlıq etmək üçün zəng edən hər cür “zarafatçıllar”-la qarşılaşmaq istəmirlər. Amma ümumilikdə insanların yarıdan çoxunun saxtakarlığa qarşı tədbir görməyə meylli olmaması üzücüdür. Axı hücum edənlər daim yeni aldadıcı sxemlər tapır və sosial mühəndislik metodlarını təkmilləşdirirlər, ona görə də hər bir müasir insana hələ də rəqəmsal savadlılıq səviyyəsini artırmaq tövsiyə olunur”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kaspersky telefon və internet fırıldaqçılarına müqavimət göstərməyə kömək edəcək əsas təhlükəsizlik qaydalarını xatırladır:
- hər hansı bir təkliflə çıxış edən və ya məlumat almağa çalışan yad şəxslərin istənilən zənginə qarşı ehtiyatlı olun;
- SMS-lərdə, elektron məktub və ya messencer mesajlarında gələn şübhəli linklərə keçid etməyin;
- heç vaxt CVV və SMS-dən gələn birdəfəlik kodları və ya push bildirişləri heç kimlə paylaşmayın;
- guya bankdan zəng gələrsə, dəstəyi asın və kartın arxasında göstərilən nömrə vasitəsilə banka özünüz zəng edin.
- fərdi istifadəçilərə fişinq mesajlarını və vebsaytları tanıya bilən Kaspersky Internet Security təhlükəsizlik həllini quraşdırmaq, şirkətlər isə, məsələn, Kaspersky Automated Security Awareness Platform-dan istifadə etməklə işçilərin rəqəmsal savadlılığını təkmilləşdirmək tövsiyə olunur.
*Araşdırma ERA Marketinq Mərkəzi tərəfindən 2021-ci ilin payızında aparılıb. Üzbəüz müsahibə üsulu ilə kiberfırıldaqçılıqla üzləşmiş Bakı, Gəncə və Sumqayıt sakinlərinin fikirləri öyrənilib. Sorğuda yaşı 18-dən yuxarı olan ümumilikdə 500 nəfər iştirak edib.