Kaspersky tam yeni olan bir məhsulunu təqdim edib – mobil kibertəhlükəsizlik kvesti olan [Dis]connected. Bu, kibertəhlükəsizlik davranışı bacarıqlarını inkişaf etdirməyə imkan verən interaktiv vizual novella janrında bir macəradır. Oyun ənənəvi korporativ rəqəmsal savadlılıq təlimləri xəttini tamamlayır. O, milli təhsil və media layihələrinə inteqrasiya oluna bilər.
Kaspersky-nin sorğusuna* görə dünya üzrə iri müəssisələrin təxminən 50%-i mütəmadi olaraq işçiləri üçün kibertəhlükəsizlik üzrə təlimlər keçirir. Lakin ənənəvi tədris formatları həmişə effektiv olmur. Onlar çox vaxt darıxdırıcı bir tapşırıq kimi qəbul edilir. Bir çox təlim iştirakçıları kibertəhlükəsizlik məsələlərinin onların həyatına nə dərəcədə aid olduğunu anlamır. Nəticədə insanlar hətta təlimi bitirdikdən sonra belə əksər hallarda köhnə vərdişlərinə əməl etməyə davam edir və əldə etdikləri biliklərdən heç bir şəkildə istifadə etmirlər. Oyunçu (gamer) texnologiyaları daha effektiv vasitədir, çünki rəhbərin video oyun oynamaq təklifi vebinar və ya kurslara dəvətdən daha cəlbedici görünür.
Kaspersky-nin mobil kvesti insanı gələcəyə kökləyir – burada ağıllı köməkçilər səhər yeməyi hazırlamağa kömək edir və insan bədəninə yerləşdirilmiş çiplər və sualtı evlər isə adi haldır. Oyunun məqsədi iş və şəxsi həyat arasında tarazlıq tapmaq, həm karyerada, həm də münasibətlərdə uğur qazanmaqdır. Hekayənin baş qəhrəmanı olan iştirakçı protez istehsal edən zavodda işləyir. Bu zavod rəqib bir müəssisə tərəfindən alınmaq üzrədir, artıq sövdələşmə gedir. Bunun nə dərəcədə uğurlu olacağı oyunçudan asılıdır. Oyun zamanı o, həmkarları ilə yaxşı münasibət saxlamağa və məhsuldar qalmağa çalışmalı, həmçinin birlikdə az vaxt keçirdikləri üçün əsəbiləşən tərəfdaşından ayrı qalmaqdan yayınmalıdır. Hər bir addım digərləri ilə bir-birinə bağlıdır. Məsələn, həmkarınızla münaqişə səbəbindən layihədəki mühüm dəyişiklikləri öyrənə bilməzsiniz və çox danışırsınızsa, işin son təhvil tarixini qaçıra bilərsiniz.
Kibertəhlükəsizlik elementləri də oyuna daxil edilib. Onlar məqsədlərə çatmağa təsir göstərirlər. Məsələn, orqanizminizə daxil edilmiş çipi vaxtında yeniləməsəniz, layihəni vaxtında bitirə bilməyəcəksiniz. Bütün oyun boyunca şifrələr, hesablar, e-poçt, brauzer, sosial şəbəkələr və messencerlər, kompüter və mobil təhlükəsizliklə bağlı 24 qərar qəbul etməli olacaqsınız. Yekun nəticə qəbul edilən qərarların cəmindən asılıdır. Sonda iştirakçı şəxsi və iş problemlərinin həllinin öhdəsindən nə dərəcədə yaxşı gəlməsi, həmçinin kibertəhlükələrə necə tab gətirə bilməsi üzrə qiymətləndirilir.
Oyun bir saatdan bir qədər çox davam edir və məlumatın mənimsənilməsini a\sanlaşdırmaq üçün on dəqiqədən çox olmayan bir neçə bloka bölünür. [Dis]connected kibersavadlılıq kursunu tamamlamaq üçün əla seçimdir. Onun köməyi ilə siz əldə etdiyiniz bilikləri ümumiləşdirib təcrübi olaraq tətbiq edə bilərsiniz.
“[Dis]connected hər gün verdiyimiz qərarlar, qarşımızda duran dilemmalar haqqında bir oyundur. Müasir texnologiyalar bizə bir çox üstünlüklər verir, lakin eyni zamanda bilməli olduğumuz vacib təhlükəsizlik riskləri də var. Bizim yeni kvestimiz təkcə innovasiyalardan ehtiyatla istifadə etməyi öyrənməyə deyil, həm də informasiya təhlükəsizliyinin əslində həyatımıza nə qədər daxil olduğunu daha yaxşı anlamağa kömək edəcək”, – Kaspersky Academy-nin rəhbəri Denis Barinov bildirib.
“Şirkət işçiləri arasında rəqəmsal savadlılığın əhəmiyyəti barədə söhbətlərin hər yerdə getdiyinə baxmayaraq, biliyin bu aspekti hələ də bir çox təşkilatlar üçün zəif bənd olaraq qalır”, – Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov əlavə edib. “Təcrübəmiz göstərir ki, materialın ənənəvi formal təlimdən fərqli olaraq oyun formatında təqdimatı işçilərdə maraq oyatmağa və dəyərli məlumatları ən asan şəkildə çatdırmağa kömək edəcək”.
Hazırda oyun yalnız korporativ müştərilər üçün mövcuddur və Android və iOS cihazları üçün versiyalar hazırdır. Pulsuz demo versiyaları AppStore və Google Play-dən yükləmək olar.
Daha çox məlumat üçün: https://media.kaspersky.com/ru/business-security/enterprise/kaspersky_disconnected_datasheet.pdf
* “Biznesin informasiya təhlükəsizliyi” sorğusu Kaspersky tərəfindən 2021-ci ilin may-iyun aylarında keçirilib. Sorğuda 31 ölkədən 50-dən çox əməkdaşı olan şirkətlərin 4303 mütəxəssisi iştirak edib.