28 yanvar dünyada şəxsi məlumatların müdafiəsi günü kimi qeyd olunur. Kaspersky rəqəmsal vərdişlərə həsr edilən qlobal bir sorğu keçirib və respondentlərin 17%-nin internetə özləri haqqında məlumatları, xüsusilə telefon nömrəsi, ev ünvanı və ya iş yeri məlumatlarını yerləşdirdiklərini müəyyən edib. Hər on birinci şəxs gizli məlumat və sənədlərini bölüşüb, sonra isə buna görə peşman olub. Bu cür hərəkətlər “oversharing” yəni həddən artıq məlumat paylaşımı hesab olunur.
İnsan tez-tez düşünür ki, o, təcavüzkarlar üçün maraqlı deyil. Amma bu yanlış fikirdir: konkret istifadəçi onlarda maraq oyatmaya bilər, amma onun məlumatları tam əksinə. Şəxsi məlumat dələduzlar üçün cəlbedici hədəf olaraq qalır. Məsələn, gizli şəbəkədə (darknet) şəxsiyyət vəsiqəsi məlumatları 50 sentdən 10 ABŞ dollarına kimi, pasport surətləri isə 6-15 dollar qiymət aralığında satılır.
Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov şəxsi məlumatların təhlükəsizliyini təmin etməyə imkan verən əsas qaydaları xatırladır:
- yüklənmiş tətbiqləri və əməliyyat sistemini daim yeniləyin;
- sosial şəbəkələr və tanınmış platformalardakı məxfilik quraşdırmalarına diqqət yetirin, bu barədə bütün məlumatları buradan əldə edə bilərsiniz: https://privacy.kaspersky.com/ru/;
- bütün hesablarınız üçün unikal etibarlı və fərqli şifrələrdən istifadə edin (müxtəlif ölçülü ən az 12 hərfdən və xüsusi işarələrdən ibarət şifrələr);
- mümkün olan bütün xidmətlərdə ikifaktorlu avtorizasiyadan istifadə edin;
- tətbiqləri yalnız rəsmi mağazalardan yükləyin və cihaza hansı proqramların yükləndiyini müntəzəm olaraq yoxlayın;
- smartfonda hansı tətbiqlərin şəxsi məlumatlara çıxışı olduğuna və onlara hansı icazələrin verildiyinə diqqət yetirin, tətbiqlərə öz funksiyalarını yerinə yetirmək üçün lazım olmayan icazələri verməyin;
- elektron poçt, messencerlər və sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin (hətta tanışlar tərəfindən göndərilsə belə);
- şəxsi və ödəniş məlumatlarınızı daxil etməzdən əvvəl saytın adını ünvan zolağında diqqətlə yoxlayın;
- mobil cihazlar da daxil olmaqla, cihazlara etibarlı müdafiə həlləri quraşdırın;
- əgər məlumatlarınızın ictimaiyyətə açıq olduğunu aşkarlasanız, panikaya qapılmayın: əgər bu aktiv resursdursa, administrasiya ilə əlaqə saxlamaq və məlumatların silinməsini xahiş etmək lazımdır. Bu gün şitkətlər bunu qanuni olaraq yerinə yetirməyə borcludurlar və əksər şirkətlər öz rüputasiyasına qiymət verir və bu tip xahişləri geri çevirmirlər.
- Kaspersky “Doksinq: təhlükələr və qarşısını almaq üçün tədbirlər” adlı insanın rəqəmsal toxunulmazlığının necə pozulması barədə daha çox öyrənməyə imkan verən pulsuz onlayn kursu təqdim edib. Kursda təlim videoları, məqalələr, yoxlama siyahıları yer alıb ki, onlar vasitəsilə doksinqin nə olduğu, hansı təhlükələri törətdiyi, ictimaiyyətə açıq görmək istəmədiyiniz şəxsi məlumatlarınızı şəbəkədə aşkarladığınız zaman nə etmək və rəqəmsal məxfiliyi necə qorumalı olduğunuz barədə danışılır. Kursu tam başa vurmaq üçün cəmi 15-20 dəqiqə vaxt lazımdır.
* Sorğu Kaspersky-nin sifarişi əsasında Opinium şirkəti tərəfindən 2021-ci ildə dünyanın 25 ölkəsində 15 mindən çox insan arasında keçirilib.