Dünya üzrə kiçik şirkətlərin 53%-i üçün biznesin stabil faəliyyətinə imkan verəcək yeni texnologiyaların tətbiqi pandemiya zamanı prioritetə çevrilib. Kaspersky-nin “Kiçik və orta biznes: pandemiyadan sağ çıxaraq” adlı yeni araşdırması nəticəsində əldə edilmiş məlumatlar bunu deyir. Vacib tədbirlər sırasına personalın biznesi onlayn aparması üçün yeni texnologiya və cihazlar, rabitə xidmətləri və kollektiv işlə təmin edilməsi, əməkdaşlar üçün isə uzaqdan və ya hibrid formada iş şəraitinin yaradılması daxil edilib.
Biznes üçün çətin dövrdə üç ən əhəmiyyətli fəaliyyət arasında şirkətin iş qabiliyyətinin nəyin bahasına olursa-olsun saxlanılması (bu barədə respondentlərin 49%-i bildirib) və iş yerlərinin qorunması (43%) olub. Amma bunu bacarmaq sahibkarlar üçün elə də asan olmayıb. Belə ki, şirkətlərin 38%-də büdcə ixstisar edilib, 34%-də bəzi və ya bütün ofislər və digər fiziki fəaliyyət sahələri müvəqqəti olaraq bağlanıb. Eyni zamanda, çətin dövrdə yeni imkanlara yelkən açanlar da olub – kiçik şirkətlərin 29%-i yeni məhsullar və ya xidmətlər təqdim edib.
Araşdırmalar dəfələrlə sübut edib ki, personal məmnuniyyəti birbaşa biznesin effektivliyinə təsir edir. Sahibkarlar öz işçilərinin dəyərini anlayır. Belə ki, sorğu göstərib ki, hətta məcburi büdcə ixtisarına baxmayaraq, işçilərin saxlanması şirkətlər üçün prioritetə çevrilib. Növbəti 12 ay ərzində kiçik və orta biznes sektorundakı müəssisələrin 42%-də maaş artımı planlaşdırılır.
“Pandemiyanın gətirdiyi çətinliklərin biznesdə texnologiyaya yeni tələblər yaratdığını görürük. Onlayn xidmətlər xüsusi aktuallıq qazanıb və fəaliyyət növünün bu tip xidmətin başlamasına icazə verən müəssisələr, rəqəmsallaşdırmanın bu və ya digər səbəbdən mümkün olmadığı müəssisələrlə müqayisədə daha əlverişli vəziyyətdə olub. Xoşbəxtlikdən, pulsuz xidmətlər də daxil olmaqla, bir çox idarəsi asan xidmətlər mövcuddur ki, onların quraşdırılması, idarə olunması və xidməti üçün ayrıca IT administratora ehtiyac duyulmur. Amma bir daha qeyd etmək istərdim ki, bu cür rəqəmsallaşma təhülkəsiz olmalıdır”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.
Rəqəmsallaşma şəraitində şirkətin maksimum təhlükəsiz fəaliyyət göstərməsi üçün Kaspersky kiçik və orta biznes sahiblərinə tövsiyə edir:
· IT xərclərinin azaldılması, müştərilərlə təhlükəsiz ünsiyyət, frilanserlərlə iş haqqında xüsusi olaraq yaradılan “Kiçik biznes üçün kiber təhlükəsizlik fəndləri”-də toplanmış pulsuz tövsiyələrlə tanış olun;
· işçilərə müntəzəm olaraq əsas təhlükəsizlik tədbirlərini xatırladın: şübhəli mesajları açmamaq, fərqli hesablar üçün mürəkkəb və fərqli şifrələr düşünmək və onları müntəzəm olaraq dəyişmək;
· sistem administratoruna iş cihazlarının təhlükəsizliyini uzaqdan vahid panel vasitəsilə idarə etməyə imkan verən xüsusi qoruma həllərindən istifadə edin. Kaspersky Endpoint Security Cloud bu cür həllər kateqoriyasına daxildir.
* “Kiçik və orta biznes pandemiyadan necə sağ çıxacaq” araşdırması Kaspersky-nin sifarişi əsasında Arlington Research müstəqil araşdırma agentliyi tərəfindən 2021-ci ildə dünya üzrə 22 ölkədə aparılıb. Sorğuda 250-yə qədər əməkdaşı olan təşkilatların qərar vermə prosesində iştirak edən 3150 əməkdaşı iştirak edib. Material qlobal miqyasa malik məlumatları ehtiva edir.