Kaspersky-nin məlumatına görə*, “zoom” sözü olan zərərli və arzuolunmaz sənədlərlə qarşılaşan istifadəçilərin sayı həmin ilin birinci yarısına nisbətə 60% artıb. Bu rəqəm yanvar-iyun aylarında təqribən 168 min nəfər idisə, iyul-dekabr ayları arasında 270 minə çatıb. Azərbaycanda artım daha da nəzərə çarpır – bu cür istifadəçilərin sayı altı dəfə artıb.
Ötən il uzaqdan iş və təhsil rejiminə kütləvi keçidlə əlaqədar olaraq, onlayn konfrans xidmətlərinin populyarlığı da artdı, indi də sabit yüksək olaraq qalır. Beləliklə, PricewaterhouseCoopers konsaltinq şirkətinin məlumatına görə, dünyanın ən böyük şirkətlərinin rəhbərlərinin əksəriyyəti COVID-19 pandemiyasının uzaqdan iş rejiminə keçid (78%), avtomatlaşdırmanın sürətlənməsi (76%) və ofis çalışanlarının sayının azalmasında (% 61) əks olunan nəticələrinin hələ uzun müddət bizimlə qalacağına inanır. Təcavüzkarların bundan istifadə etməsi təəccüblü deyil, çünki onlar həmişə trendləri öz xeyirlərinə çevirməyə çalışırlar.
Video konfrans platforması adı altında yayılan təhdidlər əsasən reklam və potensial arzuolunmaz proqramlar olub. Kaspersky mütəxəssisləri sonuncu növ proqramları istifadəçinin açıq razılığı olmadan onun kompüterinə quraşdırıla və sonradan kompüterin normal işinə mane ola biləcək proqramlara aid edir.
Çox vaxt istifadəçilər qeyri-rəsmi mənbələrdə populyar video zəng xidmətləri kimi təqdim olunan proqramlarla qarşılaşırlar. Bu proqramlar ya saxta xüsusi təklif ehtiva edən elektron məktublar, ya da platformadan gələn bir bildiriş formasında təklif olunur.
“Keçən il bir çox insan onlayn görüşlər və iclaslar üçün nəzərdə tutulan tətbiqlərdən istifadə etməyə başlayıb və bu il də onların populyarlığının azalması ehtimalı azdır. Təəssüf ki, kiber cinayətkarlar bu cür xidmətlərin populyarlığını öz məqsədləri üçün istifadə etməyə başlayıblar. Onlar bu cür proqramları yükləmək istəyənləri aldatmağa və cihazlara zərər verəcək, məlumatları silə və ya dəyişdirə biləcək proqramları oxşar adlar altında gizlətməyə çalışırlar,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Onlayn təhdidlərdən qorunmaq üçün Kaspersky tövsiyə edir:
- proqramları yalnız istehsalçıların rəsmi mağazaları və saytlarından yükləyin;
- məktublar, sosial şəbəkə mesajları və messencerlərdəki şübhəli linklərə keçid etməyin;
- hər bir hesab üçün fərqli və etibarlı şifrələrdən istifadə edin. Şifrə menecerləri, məsələn, Kaspersky Password Manager istifadə etsəniz, onları yadda saxlamağa ehtiyac qalmayacaq;
- bütün cihazlarda Kaspersky Internet Security kimi troyanları, kriptoqrafları və digər təhdidləri bloklayan, həmçinin, zərərli linklərə keçidə imkan verməyən etibarlı müdafiə həllərindən istifadə edin
* Anonim məlumatlar 2020-ci ildə Kaspersky həllərinə edilən geridönüşlər əsasında əldə edilib.