Gənclərin intellektual inkişafına hər zaman xüsusi önəm verən “Nar” chess.az saytının “Karabakh is Azerbaijan” beynəlxalq onlayn şahmat seriyasına dəstək olub. Seriya 8 turnirdən və böyük finaldan ibarətdir. Turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyır.
Martın 14-də baş tutacaq böyük finalda 8 turnirin nəticələrinə görə, 10 ən güclü şahmatçı mübarizə aparacaq. Qalib gələcək şahmatçılar “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Seriya lichess.org şahmat platforması üzərindən keçirilir. Qeyd edək ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə karantin rejiminin davam etməsi səbəbindən şahmat yarışları onlayn keçirilir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.