Böyük endirim və satış günü olan “Qara Cümə” gününün ardınca “Kiber bazar ertəsi” günü gəlir. Bu gün bu il 30 noyabr tarixinə təsadüf edir. “Kiber bazar ertəsi” günü “Qara Cümə” kimi hər il insanların Yeni il bayramına hazırlaşmağa başladığı bir dövrdə keçirilir. Həmin dövrdə markalar yaxşı endirimlər təklif etdikləri və təcavüzkarların gizlənməsini asanlaşdıran çox sayda mesaj göndərdikləri üçün, fişinq və fırıldaqçılıq hücumlarının sayı əhəmiyyətli dərəcədə artır. Əvvəlki illərin təcrübəsindən də göründüyü kimi, dördüncü rübdə, xüsusilə maliyyə sektorunu hədəf alan fişinq hücumlarının faizi, bütöv il ilə müqayisədə təxminən 10% daha yüksək olub.
Fırıldaqçılar bu il də koronavirus mövzusundan aktiv şəkildə istifadə edirlər. Bu il ən geniş yayılan əfsanələrdən biri, guya müəyyən vətəndaş qruplarına görə verilən sosial müavinətlər idi. Təkcə 2020-ci ilin birinci yarısında Kaspersky mütəxəssislərinin aşkar etdiyi bu cür saxta mənbələrin sayı keçən ilin ilk altı ayı ilə müqayisədə təxminən beş dəfə çox olub. Təcavüzkarlar adətən uydurma fondlardan maddi yardım, müavinətlər və müxtəlif növ ödəmələr təklif edən xəbərdarlıqları təqlid edirlər.
Böyük markalar tərəfindən təşkil olunduğu iddia edilən saxta aksiya və anketlərin istifadə edildiyi fırıldaq mənbələrinin də sayı artır. Bunlar istifadəçilərə müəyyən “komissiya” ödənişi qarşılığında böyük pul mükafatlarının vəd olunduğu saxta saytlardır. Bu sxem nəticəsində yalnız kiber cinayətkarlar pul əldə edirlər.
“2020-ci ildə fırıldaqçılıq dünya istifadəçiləri üçün getdikcə daha aktual bir təhlükəyə çevrilir: mütəxəssislərimizin fikrincə, bu cür mənbələrin sayı daha da artacaq. İnsanlar getdikcə internetdə daha çox vaxt keçirirlər və kiber cinayətkarlar da bundan istifadə edirlər. Hiylələrini cari xəbər gündəminə uyğunlaşdırır və istifadəçiləri onlara könüllü olaraq pul köçürmək üçün aldadırlar. Son vaxtlar fırıldaqçılar mütəmadi olaraq lotereya və aksiyalara olan maraqdan istifadə edirlər. Pulu verməzdən əvvəl, məbləğin miqdarı əhəmiyyətsiz görünsə belə, pul köçürməyinizi tələb edən istənilən təklifdən şübhələnməyinizi tövsiyə edirik,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Fırıldaqçıların tələsinə düşməmək üçün, Kaspersky onlayn təhlükəsizliyin əsas qaydalarını xatırladır:
- elektron poçt, messencer və ya sosial şəbəkələrdə şübhəli linklərə daxil olmayın və şübhəli saytlarda reklam banerlərinə klikləməyin;
- ödəniş üçün məlumat daxil etməzdən əvvəl ünvan zolağındakı saytın ünvanını diqqətlə yoxlayın;
- onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual bir kart almaq, içində az miqdarda pul saxlamaq və gündəlik pul çıxarma qoymaq daha yaxşı olar;
- onlayn mağaza naməlum bir mənbədirsə, xüsusi whois (kimdir?) xidmətlərindəki domen məlumatlarını yoxlamaq daha yaxşı olar: tamamilə təzədirsə və fərdi olaraq qeydiyyatdan keçibsə, oradan heç nə almamalısınız;
- fişinq və ya fırıldaqçılıq saytına və ya zərərli reklam banerlərinə girmək cəhdini əngəlləyəcək təhlükəsizlik proqramı quraşdırmaq təhlükəsizlik üçün faydalıdır.