Müharibə dövründə messencer proqramlarında bu məlumatları yaymaq olmaz!

Ermənistanın təxribatçı əməlləri ön cəbhədə olduğu kimi, virtual mühitdə də davam etməkdədir. “Azerbaijan Cyber Army” yerli internet istifadəçilərinin kibertəhlükəsizliyini təmin etmək məqsədilə maarifləndirmə xarakterli məlumat yayıb. Məlumatda deyilir:

⦁ WhatsApp, Telegram, Facebook Messenger, WeChat, Line, Viber və digər messencerlər vətəndaşlarımız tərəfindən istifadə edilən məşhur informasiya mübadiləsi vasitələridir. Bugünün insanlarını bu mesencerlər olmadan təsvir etmək olmur. Lakin insanların kütləvi istifadə etdiyi bu tip proqramlar vasitəsilə düşmən zərərli linklər, dezinformasiya, internet fırıldaqçılığı (pul toplama, ölkəmizi dəstəkləmək üçün səs toplama, sorğu keçirmək və s.) və başqa hücum vektorları ilə zərərli məlumatlar paylaşırlar.

⦁ Torpaqlarımızın azad olunması uğrunda həyata keçirilən hərbi əməliyyatlarda bir çox ailənin üzvləri fədakarlıqla döyüşürlər. Əldə olunan uğurlarımıza təbii ki, hamı sevinir və bu sevinci ən qısa zamanda öz ailələri, dostları və yaxınları ilə bölüşmək istəyirlər. Lakin müxtəlif vasitələrlə bu məlumatlar düşmən əlinə düşə bilir. Belə olduqda ordumuza və dövlətimizin təhlükəsizliyinə ciddi ziyan dəyə bilər, döyüş planları alt-üst ola bilər və nəticədə qəhrəman əsgərlərimizin işini çətinə sala bilərik.

⦁ Könüllülərin hərbi komissarlıqlardan yola salınması səhnələri hamımızda fəxarət hissi oyadır, lakin o görüntülərdə nəqliyyat vasitələrinin nömrəsi, haradan hərəkət etməsi və s. göründüyü üçün belə videoları yaymaqla əsgərlərimizi düşmənin hədəfinə çeviririk.

Nəyi yaymaq olar:

⦁ Dövlət televiziya kanalları, rəsmi dövlət orqanları, (Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və s.) eləcə də digər rəsmi mənbələrdən əldə olunmuş videoları, xəbərləri və s. məlumatları paylaşın;
⦁ Azərbaycanın xeyirinə başlanmış istənilən kampaniyalar (silahlı qüvvələrə pul toplamaq, səs toplamaq, sorğularda iştirak və s.) barədə müvafiq qurumla dəqiqləşdirdikdən sonra bu kampaniyaları paylaşmaq;
⦁ 1992-ci illərdə xüsusilə Xocalı soyqırımına aid və eləcə də Azərbaycanın işğal olunmuş digər rayonlarında ermənilər tərəfindən həyata keçirilmiş fotoşəkillər, video materiallar və s. məlumatları paylaşın;
⦁ Hərbi əməliyyatlar dövründə Ermənistanın siyasi hakimiyyəti tərəfindən verilmiş tapşırıqlara əsasən Azərbaycanın mülki əhalisi yaşayan Gəncə, Beyləqan, Mingəçevir və s. rayonlarının ərazilərini raket atəşinə tutması və nəticədə dağılmı evlər, öldürülmüş və yaralanmış mülki əhali və s. bu barədə fotoşəkil, video materiallar və məlumatları (ingilis, rus, fars və s.) dillərdə paylaşın;

Nəyi yaymaq olmaz:

⦁ Döyüş bölgəsində və ya yaxın ərazilərdə çəkiliş edib heç kəsə göndərməyin.
⦁ Hər hansı bir qohumunuz, dostunuz, ailə üzvünüz döyüş bölgəsində, yaxud döyüşün gedişatı ilə bağlı məlumat göndəribsə, bu məlumatı paylaşmayın və dərhal silin.
⦁ Hər-hansı bir hərbi hissədə çəkilmiş heç bir videonu və ya şəkli paylaşmayın.
⦁ Yaralılar və şəhidlər barədə məlumatları paylaşmayın.
⦁ Xəstəxanaların ətrafında çəkiliş edib heç kimə göndərməyin.
⦁ Könüllülərin yola salınması ilə bağlı videoları, şəkilləri heç kəsə göndərməyin;