Bakcell “toy qalmaqalı” ilə bağlı açıqlama yaydı

“Bakcell şirkəti ilk günlərdən ölkədə COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən həyata keçirilən bütün tədbirləri dəstəkləyib, pandemiya ilə bağlı elan olunmuş karantin və sosial izolyasiya tədbirlərinə ciddi şəkildə əməl edib. Bu müddət ərzində şirkət müxtəlif sosial təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına mütəmadi qaydada dəstək olub.

Şirkət Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib, pandemiya ilə mübarizə üçün tibbi avadanlıq və vasitələrin ölkəyə gətirilməsi üçün iri həcmdə vəsait ayrılıb, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində böyük xeyriyyə tədbirləri həyata keçirib, müvafiq dövlət qurumları ilə birlikdə səhiyyə işçilərinə dəstək göstərib, koronovirusla mübarizə sahəsində müxtəlif xidmətlərin və onlayn platformaların yaradılması prosesinə töhfə verib və digər çoxsaylı sosial layihələr həyata keçirib.

Sosial izolyasiya tədbirlərinə çox ciddi şəkildə riayət edən şirkətlərdən biri olaraq karantin rejiminin elan olunduğu ilk vaxtlardan bu günə kimi şirkət öz əməkdaşlarının təhlükəsizliyinin qayğısına qalaraq onların evdən işləməsini təmin edib. Şirkətin bütün müştəri xidmətləri mərkəzlərində və digər ofislərində lazımı tədbirlər həyata keçirilib.

Bakcell şirkəti öz əməkdaşlarından birinin  təşkil etdiyi nikah mərasimini hiddətlə qarşılayır və bunun Şirkətin indiyə qədər koronavirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə kölgə saldığını bəyan edir, eyni zamanda bildirir ki, sözügedən məclisin sahibi və burada iştirak edən şəxslər Bakcell rəhbərliyində təmsil olunmurlar.

Yüzlərlə əməkdaşlarının iş yerindən kənar həyat və fəaliyyətləri üçün cavabdeh olmasa da, Bakcell baş verən hadisənin ölkəmizdə COVİD-19-la mübarizə tədbirlərinə və şirkətin bu sahədə gördüyü işlərə və işgüzar nüfuzuna kölgə saldığını nəzərə alaraq, nikah mərasimində iştirak edən şəxslərlə bağlı şirkətin daxili nizam-intizam qaydaları çərçivəsində tədbirlər görülüb”.