Avqust 11, 2020

Dünyada hər beşinci adam sosial reytinqlərin nəticələri ilə üzləşir

Kaspersky tərəfindən aparılan qlobal bir sorğuya görə, dünyada istifadəçilərin 18% -i sosial şəbəkələrdə yerləşdirdiyi məlumatlar səbəbindən maliyyə xidmətlərinə daxil olmaqda ən azı bir dəfə problem yaşayıb. Üstəlik, bu qrupun üçdə biri (32%) 25-34 yaşlarında olan gənclər, yəni aktiv internet istifadəçiləridir.

Hər beşinci respondent (21%) “sosial reytinq”- şəbəkədəki davranışına, sosial əhatəsinə və digər amillərə əsaslanaraq bir insanın potensialını qiymətləndirmə sisteminə rast gəldiyini qeyd edib.

Sosial reytinqlərin bu və ya digər formada tətbiqi sosial şəbəkələrdən hər yerdə istifadə, eləcə də böyük həcmdə məlumatları emal etmək imkanlarına görə ilk növbədə xarici ölkələrdə geniş yayılmışdır. Avtomatlaşdırılmış alqoritmlərin köməyi ilə təşkilatlar istifadəçi haqqında açıq məlumatları təhlil edir və onun əsasında müəyyən bir xidmətin göstərilməsi ilə bağlı qərarlar qəbul edirlər. Kaspersky tərəfindən aparılan bir araşdırmaya görə, əksər hallarda istehlakçılar maliyyə (57%), sığorta (40%) və səhiyyə (40%) xidmətləri əldə etmək istəyərkən, habelə onlayn alış-veriş zamanı (48%) sosial reytinqlərlə qarşılaşırlar.

Eyni zamanda, müəyyən bir fayda əldə etmək üçün özləri haqqında lazımi məlumatları təqdim etməyə hazır olanlar da var. İstifadəçilər sosial şəbəkələrdə daha açıq davrana bilirlər: 67% respondent mallara endirim əldə etmək üçün, 62% -i istədiyi vakansiyanı qazanmaq üçün, 48% -i isə daha rahat mənzil kirayələmək üçün öz şəxsi hesablarına girişə icazə verə biləcəyini söyləyib.

Sosial xal qazanma sistemlərinin bu və ya digər formada gündəlik həyata daha çox nüfuz etməsinə baxmayaraq, onların nə dərəcədə ədalətli olduğuna və qiymətləndirmə apararkən hansı xüsusi amillərin nəzərə alınmasına dair bir qeyri-müəyyənlik var. Kaspersky tərəfindən aparılan bir sorğuda respondentlərin 45% -i bu cür ölçü meyarlarının necə işlədiyini dəqiq başa düşmədiklərini etiraf edib. Bundan əlavə, sosial reytinq texnologiyaları avtomatlaşdırılmış alqoritmlərə əsaslandığı üçün müxtəlif manipulyasiyalara qarşı həssas ola bilərlər. Hər hansı digər rəqəmsal sistemlər kimi, xal qazanma sistemlərinin də səhvlərə və müxtəlif hücumlara qarşı immuniteti yoxdur, bu da haqsız artıq və ya əksinə daha aşağı reytinqə səbəb ola bilər.

“Əvvəlcə xidmət reytinqini inkişaf etdirmək üçün sosial reytinqlər yaradıldı, halbuki hansı həcmdə fərdi məlumatlara giriş tələb edilə biləcəyi məlum deyil. Üstəlik, bir reytinqi çox sayda parametr əsasında hesablayarkən, qiymətləndirmə sistemi bu və ya digər nəticəyə necə gəldiyini izah etmir. Mütəxəssislərimiz alqoritmlərin statistik ümumiləşdirmə 

əsasında səhv nəticə verdiyi hallardan xəbərdardır,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

* “Sosial kreditlər və təhlükəsizlik: reytinq dünyasını əhatə edərək” adlı sorğuda 21 ölkədən 10 mindən çox insan iştirak etmişdir.