Avqust 11, 2020

Ödəniş kartının təhlükəsizliyinin qorumasına dair məlumat

Qabaqcıl rəqəmsal ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi, ölkəmizdə də ödəniş kartları ilə elektron ticarət əməliyyatları inkişaf etməkdədir. Azərbaycan Respublikasının Mərkəzi Bankının açıqladığı statistik məlumatlara nəzər salsaq, 2019-cu il üzrə ölkədə ödəniş kartları ilə elektron ticarət əməliyyatları üzrə ümumi dövriyyə 2935 mln. manat təşkil etmişdir. 2016-cı illə müqayisədə əməliyyat həcmində 9 (doqquz) dəfə artım müşahidə edilir.. 

Elektron ticarət əməliyyatlarında müşahidə olunan sıçrayışlı artım fırıldaqçıların bu sahəyə olan marağını artırmaqla, fırıldaqçılıq məqsədilə müxtəlif üsulların tətbiq edilməsinə səbəb olur. Son zamanlar bu hallar tez-tez müşahidə edilməkdədir.

Banklar tərəfindən ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində bir sıra addımlar atılır. Nümunə olaraq elektron ticarət xidməti üzrə ekvayrinq xidməti təqdim edən ekvayer banklar tərəfindən “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.11.8-ci yarımbəndinin  tələbi gözlənilərək real vaxt rejimində internet üzərindən aparılan ödənişlərın avtorizasiyası üzrə şifrə əsasında kart istifadəçisininin eyniləşdirilməsi həyata keçirilir. 

Elektron ticarət əməliyyatlarında ənənəvi fırıldaqçılıq əməliyyatlarından biri fırıldaqçılar tərəfindən kart istifadəçisinə aid olan məlumatların müxtəlif üsullarla ələ keçirilməsi və nəticədə pul vəsaitlərinin səlahiyyətsiz formada istifadə edilməsidir. Fırıldaqçılar bu məlumatları kart istifadəçisinin internet şəbəkəsində yerləşdirdiyi müxtəlif elan səhifələri və ya elektron ticarət saytlarından, habelə birbaşa kart istifadəçisi ilə əlaqə saxlayaraq (mobil telefon, elektron poçt və digər üsullarla) əldə edirlər. Ənənəvi qaydada fırıldaqçılar müxtəlif bəhanələrlə bank adından və ya hansısa təşkilat adından kart istifadəçisi ilə əlaqə saxlayaraq bu məlumatlara sahib olurlar. Bu bəhanələrə ödəniş kartı rekvizitlərinin yoxlanılması, yeni bank xidmətinə qoşulma, kart istifadəçisinin hansısa kampaniyada qalib olması, ödəniş kartının işlək vəziyyətdə olmasına bir daha əmin olma və digərləri daxildir. Bu üsulla ödəniş kartının üzərində əks olunan 16 rəqəmli nömrəsi, qüvvədə olma tarixi və CVV kod ilkin mərhələdə əldə edilir. Əməliyyatın təsdiqi üçün sonradan birdəfəlik şifrənin (One Time Password) bildirilməsi tələb edilir. Bu əsasda fırıldaqçılar tərəfindən kart istifadəçisinin pul vəsaitləri səlahiyyətsiz formada müxtəlif məqsədlər üçün, o cümlədən internet üzərindən məhsul və xidmətlərin əldə edilməsi, pul vəsaitinin digər bank hesablarına köçürülməsi həyata keçirilir. Ödəniş kartı ilə əməliyyatın aparılması zamanı kart istifadəçisi tərəfindən qorunmalı olan bütün zəruri məlumatlar daxil edildiyi üçün sonradan pul vəsaitinin geri ödənilməsi mümkün olmur.  

Qeyd edilməlidir ki, bank tərəfindən bu və ya digər formada yuxarıda açıqlanan məlumatların öyrənilməsi məqsədilə kart istifadəçisinə müraciətlər edilmir.

Kart istifadəçiləri əlavə maliyyə itkiləri ilə üzləşməmək üçün bu cür hallarla rastlaşdığı təqdirdə dərhal bankla əlaqə saxlamalı, heç bir halda fırıldaqçılara hansısa məlumat təqdim etməməlidir. 

Bununla bağlı ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun koordinatoru Aytac İsmayılovanın çıxışını keçiddən əldə edə bilərsiniz.