Son zamanlarda mobil qurğular həyatın ayrılmaz hissəsinə çevrilib. Ancaq həyatı mümkün qədər asanlaşdıran mobil qurğuların uşaqlara və yeniyetmələrə həm müsbət, həm də mənfi təsirləri var. Azərbaycanda valideynlər artıq mobil asılılığı olan uşaqların vəziyyəti ilə bağlı şikayətlərlə mütəxəssislərə müraciət etməyə başlayıblar.
Mobil asılılıq problemi və onun həlli yolları barədə kliniki uşaq psixoloqu Nuriyyə Quliyeva danışdı.
– Azərbaycanda valideynlər övladlarına mobil cihazları neçə yaşından verirlər?
– Çox təəssüf ki,erkən yaşlardan, əslində isə körpələr üç yaşına kimi telefonla tanış olmamalı, istifadə etməməlidirlər. Üç yaşından yuxarı uşaqlara 10-20 dəqiqə, altı yaşdan yuxarı uşaqlara isə gün ərzində mobil istifadə 30 dəqiqə icazə verilə bilər. Təbii ki, bu, kor-koranə şəkildə olmamalıdır. Məqsədli, öyrədici və ya ünsiyyət qurması üçün olmalıdır.
– Mobil cihazların uşaqlara, xüsusən də yeniyetmələrə ən çox mənfi təsir edən nədir?
Son illərdə ən çox üç yaşına kimi telefon verilən uşaqlarda nitqin ləngiməsinə, ünsiyyətin məhdud olmasına rast gəlirik. Çünki telofon, planşet, kompüter kimi texnoloji cihazlar tək tərəflidir, qarşılıqlı ünsiyyət yoxdur. Uşaq da ona qapanır və sanki ətraf-aləmdən təcrid olunur. Texnoloji cihazlardan düzgün etməyən uşaqlar və yeniyetmələrdə aqressivlik, şiddətə meyllilik, qorxu və gərginlik hiss olunur. Ən çox bu şikayətlərlə müraciət edirlər.
– Sizcə valideynlər niyə uşaqlarına mobil cihaz verirlər? Onları sakitləşdirmək, öyrətmək və ya ünsiyyət qurmaq üçün?
– Düşünürəm ki, əksər valideynlər mobil cihazların mənfi təsirlərindən az-çox məlumatlıdırlar. Amma övladları ilə düzgün ünsiyyət qura bilmədikləri və müəyyən situasiyalarda bacara bilmədikləri üçün qətiyyətli ola bilmirlər. Yaxşı olardı ki, mobil cihazlara nəzarət etməklə müsbət tərəflərindən istifadə etsinlər. Yəni sadəcə oyun oynamaq, yaşına uyğun olmayan aqressiv, qorxulu, seksual xarakterli videolar
izləməklərinə nəzarət edib onları öyrədici, maarifləndirici səhifələrə, proqramlara yönəltsinlər. Unutmayaq ki, bir çox videolarda subliminal mesajlar ötürülür…
* İnfoqrafikaya daxil olan məlumatlar “Kaspersky” şirkətinin apardığı sorğuya əsasən yerləşdirilib
– Uşaqları mobil asılılıqdan necə azad etmək olar? Valideynlər bunun üçün nə etməlidirlər?
– Bu sualı valideynlərə verdikdə adətən: uşağım daha sakit olur, işimi rahat görə bilirəm, yeməyini yaxşı yeyir və s. kimi cavablar verirlər. Amma təbii ki, məlumatlı və məsuliyyətli valideynlər də çoxdur. Sadə bir bənzətmə var – uşaq böyüyərkən, valideynlər ona əsas davranış qaydalarını izah edirlər, məsələn – yanlış yerdə yolu keçə bilməzsən, sobanı yandıra bilməzsən və s. Körpə bu qaydaları öyrənənə kimi, valideynlər onun əlindən tuturlar. Rəqəmsal dünyada eynidir, uşaq gadjetə sahib olanda ona kiber gigiyena qaydalarını, nəyin yaxşı və nəyin pis olduğunu izah etmək vacibdir. İnternet məkana öyrəşənə qədər analar və atalar xüsusi valideyn nəzarəti proqramlarının köməyi ilə uşaqlara nəzarət edə və istiqamətləndirə bilər. Telefonda elə proqramlar var ki, öyrədici, inkişaf etdirici, maarifləndiricidir. Valideynlər bu proqramlardan və oyunlardan
yararlana bilərlər. Yetkinlik yaşına çatmayan uşaqları izləmək daha asandır, çünki yeniyetmələr ünsiyyət qruplarından çox asılı olurlar, hətta valideynlərinə itaət etməyə bilərlər. Buna görə valideynlər yeniyetmələr üçün xüsusi çərçivələr tərtib etməlidirlər. Məsələn, bir ailənin mobil cihazlardan istifadəsini qadağan edən bir saatı olmalıdır , lakinn bu qadağa ailənin hər bir üzvünə aid olmalıdır – bunun üçün ən effektiv vasitə zəngli saatdır. Telefon uşağa saatda müəyyən olunan vaxta qədər verilir. Bundan başqa, telefonun istifadəsinə qadağa qoyulmalıdır – bu masa arxası və yataq otağıdır. Yeri gəlmişkən, bu cür qadağalarla uşaqların iradəsini sınamaq olar. Uşağa əmr etmək yox, onunla bu məhdudiyyətləri müzakirə etmək çox vacibdir. Valideynlərin vəzifəsi, bu məhdudiyyətlərin onun sağlamlığının qorunmasına, eləcə də, valideynlərə uşaq məktəbdən gec gəldiyində narahat olmamağa imkan verəcəyini izah etməkdir.
– İnternet məkanında uşaqların davranışlarını izləmək üçün valideynlər hansı texnoloji vasitələrdən istifadə etməlidirlər?
– Bu vəziyyətdə valideynlərə yardım edə bilən bir çox həllər var. Məsələn, bu yaxınlarda “Kaspersky” şirkəti Bakıda həm valideynlərin, həm də uşaqların internet məkanında davranışlarına həsr olunmuş tədbir keçirdi, burada qeyd olundu ki, valideynlər uşaqların internetdə davranışlarının formalaşmasında böyük rol oynayırlar. Onlar uşaqlara gadgetlərdən istifadə etməyə icazə verir, öz işləri ilə məşğul olaraq, uşağın qurğu ilə keçirdiyi zamanı izləmirlər. Əlbəttə ki, bu məsələyə çox diqqətlə yanaşan valideynlər də var. Ancaq, uşaq üçün ciddi təhlükə yarada biləcək fotoşəkillər, uşaqlarının yerləşməsini, təhsil aldıqları və əyləndiyi yerlər haqqında məlumatı şəbəkədə yerləşdirərək risk şəraiti yaradan valideynlər də var. “Kaspersky” şirkəti bu prosesi tənzimləmək üçün öz həllərini təklif edir, lakin valideynlərin istifadə etməli olduğu digər həllərdə var. Məsələn, “Youtube” video proqramında məhdudiyyətlər var, burada valideynlərin uşaqlarını idarə etmək üçün istifadə edə biləcəyi «youtube kids» proqramını quraşdırmaq olar, digər proqramlarda da oxşar vasitələr var. Valideynlər uşaqların telefonu istənilən vaxt istifadə edə bilməmələri üçün cihazı kodlaşdıra bilərlər. Ancaq internetdə uşaqların davranışlarını tənzimləmək üçün valideynlər ilk növbədə özləri daha çox məlumatlandırılmalıdırlar, daha ciddi və məsuliyyətli davranmalıdırlar, çünki internetdən asılılıq həm mənəvi, həm də fiziki problemlərə səbəb olur. İnternetdən düzgün istifadə edərək yalnız müsbət təsirini əldə edə bilərsiniz.