Orta məktəb şagirdləri üçün növbəti “Bebras” beynəlxalq informatika müsabiqəsinə start verildi


Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə informatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi çərçivəsində “Bebras” Həftəsi bu il 28 noyabr — 4 dekabr tarixlərində keçirilir. Təhsil Nazirliyinin dəstəyi ilə ADA Universiteti ACM Tələbə Bölməsi ilə birgə təşkil olunan müsabiqədə iştirak ödənişsizdir və maraqlanan məktəblər www.bebras.az veb-saytında qeydiyyatdan keçməyə dəvət olunur.

Beynəlxalq “Bebras” müsabiqəsi (“Bebras” International Contest on Informatics and Computational Thinking) şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini proqramlaşdırma bilikləri tələb etmədən qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı 1-11-ci sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun 15 əyləncəli məsələni həll edir.

Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü, layihə rəhbəri Adil Əliyev deyir: “Alqoritmik düşüncə bu gün inkişafın zəruri faktoruna çevrilən proqramlaşdırma bacarıqlarının əsasıdır. Ümid edirik ki, bu müsabiqədə üzə çıxan istedadlı şagirdlər, gələcəkdə Beynəlxalq İnformatika Olimpiadası kimi yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək”.

Azərbaycan Beynəlxalq “Bebras” Həftəsində ilk dəfə 2014-cü ilin dekabrında Bakı, İsmayıllı, Laçın, Lerik, Mingəçevir, Sumqayıt və Qaxdan olmaqla 82 məktəb və 4 184 şagirdlə qoşulmuşdu. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən həftədə 109 nəfər ADA Universitetində təşkil olunmuş final mərhələsinə vəsiqə qazanmışdı. Finalda ən yüksək nəticə göstərmiş 20 şagird isə müxtəlif hədiyyələrlə təltif olunmuşdu.

Müsabiqə ilə maraqlanan məktəblərin müəllimləri www.bebras.az veb-saytı vasitəsilə koordinator kimi qeydiyyatdan keçməyə dəvət olunurlar. Təsdqi olunmuş koordinatorlar şagirdləri qeydiyyatdan keçirir və həftə ərzində yarışı öz məktəblərində təşkil edirlər. Hazırda 35 rayondan artıq 210 məktəb qeydiyyatdan keçib və bu il əvvəlki illərə nisbətən daha çox şagirdin iştirakı gözlənilir.

Beynəlxalq “Bebras” müsabiqəsinin başlanğıcı 2004-cü ildə qoyulub, hazırda dünyanın 50-dən artıq ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiya, ABŞ-da keçirilir. “Bebras” müsabiqəsi Avropa regionunun infromatika üzrə təhsil və tədqiqat mərkəzlərini bir araya gətirən “İnformatics Europe” təşkilatının 2015-ci il Təhsildə Ən Yaxşı Təcrübə Mükafatına (Best Practices in Education Award www.informatics-europe.org/services/education-award.html) layiq görülüb. Daha geniş məlumatı müsabiqənin veb-saytından əldə etmək olar: www.beberas.org/

ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytı: www.acm.org/

Azərbaycan ACM Bölməsi Qafqazda ilk və yeganə peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub. Veb-saytımız: azerbaijan.acm.org/ Hazırda ADA Universiteti və Azərbaycan Texniki Universitetində ACM tələbə bölmələri də fəaliyyət göstərir.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
91
Başlıqları
180
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər