Sorgu.info: Cavabsız sualınız qalmasın!


Son dövrlər İKT sahəsində yeni yaranan start-upların sayı artmaqdadır. Bu dəfə haqqında söhbət açacağımız tətbiq isə sorgu.info mobil tətbiqidir. Müsahibimiz isə ATL şirkətinin nümayəndəsi Rüfət Babakişiyevdir.


Sorğu.İnfo mobil tətbiqinin hazırlanması ideyası necə meydana gəlib?

Gündəlik həyatımızda müxtəlif qurumların fəaliyyəti,yerinə yetirdikləri əməliyyatlar, təklif olunan məhsul və xidmət üzrə müxtəlif səpkili suallarımız yaranır. Qarşılaşdığımız istənilən hal, səfərin təşkili, sənədləşmə prosedurları və bu kimi digər hallarda qurumların operativ və doğru şəkildə məlumat verməsini arzulayırıq. Suallarıma cavabın alınmasında qarşılaşdığım məhdudiyyətlər, sərf etdiyim zaman, cavabların məsul şəxslər tərəfindən verilməməsi, təkrar cəhdlərin olması və s. xidmətdən istifadə etmək istəyən bir müştəri kimi məndə məmnuniyyət hissi oyatmırdı. Bir istifadəçi kimi arzum bu prosesin sadə və rahat şəkildə reallaşması idi.

İstifadəçi kimi istəklərimi əsas götürərək, bu mobil tətbiqin hazırlanmasında başlıca məqsədim həmin qurumları vahid bir platformada birləşdirmək və yalnız bir vasitə ilə onlarla əlaqə qurmaq imkanını təqdim etmək idi. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bir neçə şirkət və qurumla eyni zamanda əlaqə saxlamaq və ya sorğular üzrə cavabları analiz etmək bir qədər zaman və güc tələb edən bir prosesdir. Təklif ediləcək məhsul özündə bu xüsusiyyətləri birləşdirməli idi. İstifadədə rahat olmaqla, istifadəçinin istənilən zaman müraciət edə biləcəyi bir platforma olmalı, lazımı məlumatı tez əldə etmək və cavabların qeydiyyatını təqdim etmə imkanlarına malik olmalı idi.

Təqdim olunan məhsulun xüsusiyyətləri və üstünlükləri haqda nə deyə bilərsiniz?

Sorğu.info-nun üstünlüklərinə iki istiqamətdən yanaşa bilərik: istifadəçi və qurumlar. İstifadəçi qeydiyyatsız və ödənişsiz şəkildə bu mobil əlavədən istifadə etməklə maraqlı olduğu istənilən quruma suallarını ünvanlama imkanını əldə edir. Qurumlar öz növbəsində fəaliyyət sahələrinə görə qruplaşdırılmış şəkildə təqdim olunur. Eyni zamanda istifadəçi hər bir şirkət üzrə sualla müraciət etməmişdən öncə FAQ bölməsinə keçməklə də məlumat əldə edə bilər. İstifadəçinin müraciət etdiyi sualı birbaşa həmin şirkət və ya qurumun əməkdaşı cavablandırır. Sual-cavab iki tərəf arasında yazılı dialoq şəklində təqdim olunur. İstifadəçinin sualla müraciət etdiyi qurumlar və cavablar silinmir, bu xüsusiyyət, istifadəçinin əldə etmiş olduğu məlumatdan yenidən yararlanma imkanı vermiş olur. Maraqlı olan istifadəçilər mobil əlavəni Google Play və App Store-dan ödənişsiz yükləyə bilərlər.

Sorğu.info-da təqdim olunan şirkətlər üçün əsas üstün xüsusiyyət müştəri məmnuniyyətinin artırılması və müştəri sorğu mərkəzlərində istifadə edə biləcəkləri yeni bir mobil vasitə əldə etmiş olmalarıdır. Hal-hazırda istifadəçilərə təqdim olunan şirkətlərin sayı az olsa da, cəlb olunanların sayı durmadan armaqda davam edir. Müştəri münasibətlərin inkişafı üçün istifadə edilə biləcək digər üstünlük, istifadəçilərin müraciətlərini analiz etmə imkanıdır. Şirkətlər təqdim etdikləri xidmətlərin, həyata keçirdikləri kampaniyaların, məhsuldan istifadə sonrası müştəri rəylərini tətqiq edə biləcəklər. Şirkətlərin bu platformaya qoşulması ödənişsizdir. Peşəkar komandamız onların istənilən texniki və administrativ suallarını cavablandırmağa hazırdır.

Bu mobil əlavənin gələcəkdə digər bazarlara təklif olunması mümkündür?

Müzakirə etdiyimiz Sorğu.info mobil əlavəsi rahatlıqla digər ölkələrdə də tətbiq edilə bilər. Məhsulun hazırlanması zamanı hədəf bazarımızı coğrafi yerləşim olaraq məhdudlaş-dırmamışıq. Amma mobil əlavənin azərbaycan dilində təqdim olunmasıqarşımıza qoyduğumuz əsas şərtlərdən biri idi. Fikrimcə məhsulun potensial olaraq çıxarılacağı növbəti bazarların, qonşu ölkələr, Gürcüstan və Türkiyə olma ehtimalı daha böyükdür. Lakin hal-hazırda hədəfimiz müəyyən etdiyimiz istifadəçi və şirkət sayına nail olmaqdır. Komandamız istifadəçi- şirkət əlaqəsinin daha da təkmil formatda reallaşması üçün mobil əlavə üzərində işlərini davam edəcək.

Mobil əlavə haqda daha geniş məlumat etmək istəyənlər www.sorgu.infointernet səhifəsindən məlumat əldə edə bilərsiniz.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
81
Başlıqları
174
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər