"Azərbaycanda startapların inkişafına təkan verən işlər..."


Nail Vəliyev deyir ki, Azərbaycanda startapların inkişafına təkan verən bir sıra işlər görülməlidir
Startap olmaq istəyənlərə tövsiyə edir ki, bu işə mütləq tək deyil, komanda ilə başlasınlar. Daha sonrakı mərhələdə isə ideyalarını hansısa mərhələyə kimi reallaşdırsınlar, yəni quru ideya ilə harasa investisiya üçün müraciət etmək düzgün deyil. Üçüncü məsələ isə, bazardır. Azərbaycan bazarı balaca olduğuna görə müsahibimiz məsləhət görür ki, hər bir startapçı təkcə bizim bazar üçün deyil, başqa ölkələrin bazarı üçün nəzərdə tutulan məhsullar üzərində çalışmalıdır. Dördüncü əsas şərt isə sürətli böyümədir. Müsahibimiz Azərbaycanda ilk toxum investisiya fondu olan “Khazar Ventures” Şirkətinin direktoru, sup.az-ın həmtəsisçisi və baş direktoru, müxtəlif şirkətlərdə mentor kimi çalışan Nail Vəliyevdir.

N.Vəliyev Rusiyada böyüyüb, orta məktəbi orada oxuyub. Sonra Azərbaycana gələrək Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb. Daha sonra London Biznes və Maliyyə Məktəbində Biznes administrasiyası, Grenobl İdarəçilik Məktəbində isə Beynəlxalq biznes ixtisası üzrə magistratura pilləsində oxuyub. Londonda qalaraq bir müddət Akselerator Şirkətində çalışıb. Daha sonra öz startaplarını yaradıb və Bakıya qayıdıb.
— Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər üzrə təhsilinizi başa vurduqdan sonra İngiltərədə biznes üzrə təhsil almısınız. Necə oldu startaplara marağınız yarandı?

— Hələ İdarəçilik Akademiyasında oxuyanda 3-cü kursdan texnologiyalar, texnologiyaların idarə olunması sahəsi ilə maraqlanırdım. Buna görə idarəçilik ixtisasına yiyələnməli oldum. Amma seçim qarşısında qalmışdım. Ya maliyyə, ya da texnologiyanın idarə olunmasını seçməli idim. Texnologiya sahəsi məni daha çox cəlb etdi. Bu səbəbdən Londonda Biznes administrasiyası ixtisası üzrə təhsil almağa qərar verdim. Elə oxuya-oxuya Akseleratorda çalışdım, daha sonra elə İngiltərədə öz startaplarımı yaratmağa başladım.
— İlk startapınız barədə məlumat verərdiniz...

— İlk startapım 42video.com idi. Müxtəlif şirkətlər və şəxslər üçün animasiyalar, videolar və s. hazırlayırdıq. Bu startapa görə İngiltərədə olan investordan və İngiltərə dövlətindən kiçik məbləğdə maliyyə də aldıq. Ondan sonra “vode.it” adlı startap yaratdıq. “Vode.it”də restoran şəbəkələri, kafelər barədə yazılı deyil, video şərhlər verilirdi. Özü də bu şərhləri restoran və kafelərin müştəriləri verirdi. Mindən çox istifadəçimiz var idi. Amma bu startapı yarımçıq qoyaraq Bakıya qayıtdım. “42video” startapım hələ də işləyir, amma idarəçiliyində artıq iştirak etmirəm.

— 2013-cü ildə Londonda təhsilinizi başa vurub Azərbaycana qayıtdınız. Adətən xaricdə təhsil alan gənclərimiz təhsillərini başa vurduqdan sonra həmin ölkədə qalıb bir müddət, yaxud həmişəlik işləməyi üstün tuturlar. Siz isə Azərbaycana qayıtmağa qərar verdiniz...

— Mən təhsilimi başa vurduqdan sonra Londonda sahibkarlıq vizasına müraciət etmişdim. Bakıya tez-tez gəlmək, ailəmi, dostlarımı görmək istəyirdim. Amma sahibkarlıq vizasını da almaq asan deyildi. Buna görə geri qayıtmalı oldum. Xaricdə oxuyan tələbələrə tövsiyə edərdim ki, heç olmasa, bir müddət oxuduqları ölkədə qalıb işləsinlər, təcrübə qazansınlar. Ondan sonra ölkəyə qayıtmağı düşünsünlər.
— Azərbaycana qayıdandan sonra ilk iş yeriniz hara oldu?

— Yüksək Texnologiyalar Parkında baş mütəxəssis kimi işləməyə başladım. Amma orada işləyənə kimi müxtəlif irimiqyaslı tədbirlərin keçirilməsinə rəhbərlik və iştirak etmişəm. Azərbaycanda, demək olar, texnologiyalar, startaplarla bağlı düzənlənən tədbirlərin 70-80 faizini biznes-partnyorum Məmməd Kərimlə birlikdə, komandamızın köməyilə həyata keçirmişik.
— “Khazar Ventures” şirkəti necə yarandı?

— “Khazar Ventures” yaranandan bir neçə müddət sonra ora qoşuldum. Təzə başlayan staraplara investisiya yatırımı edirdik. Azərbaycanda, ümumiyyətlə, mələk investorlarla bağlı heç bir qanunvericilik yoxdur. Düzdür, investorlar müxtəlif formada ideyalara pul ayırırlar, amma bu sahədə qanunvericilik olmadığına görə bir az çətinlik çəkirik. Amma “Khazar Ventures” olaraq təkcə startaplara investisiya cəlbi ilə məşğul olmuruq. Təhsillə, texnologiya, investisiya ilə bağlı tədbirlər keçiririk.

— Bir startapın maliyyələşməsi, böyüməsi hansı mərhələlərdən keçir?

— Ümumiyyətlə, startapın həyatında bir neçə investisiya mərhələsi olur. Hər şey toxum investisiyalarından başlayır. Ölkədən asılı olaraq, burada məbləğ 100-150 min dollar arasında dəyişir. Yaxud ola bilər, ailəniz, dostlarınız sizin startapınıza investisiya qoysun. Bundan sonrakı mərhələdə akselerator investisiyaya qoşulur. Bu da cüzi məbləğ 5-15 min dollar edir. Sonra mələk investorlar qoşulur. Bu zaman məbləğ 15 min dollardan başlayır. Sonrakı mərhələdə böyük mələk investorlar, ya da Kiçik Risk Kapitalı 500 min dollardan başlayan kapitallar qoyurlar. Starapın sonuncu mərhələsi ya hansısa birjaya daxil olmaq, ya da daha böyük şirkət tərəfindən satın alınmaqdır.

— Mərhələləri sadaladınız. Azərbaycanda startaplara maliyyə tapmaq çətin deyil ki?

— Çox çətindir. Çünki bizdə bu sahəyə maraq çox azdır. Həm şirkətlərin, həm də dövlətin startaplara marağı böyük deyil. Üstəlik, startapların tənzimlənməsi ilə bağlı hansısa bir dövlət strategiyası yoxdur. İnkişaf etmiş və inkişafda olan ölkələrin startapların inkişafı üçün öz proqramları var. Məsələn, Çili startaplar sahəsində o qədər də inkişaf etmiş ölkə deyildi. Amma bu sahədə həyata keçirdikləri proqramla çox irəli gediblər. Biz həmin layihələri Azərbaycanda reallaşdırmaq istəyirik. Bu baxımdan Azərbaycanın imkanları böyükdür. Dörd dildə danışırıq. Dil baryerimiz olmadığından İrandan, Rusiyadan, Ukraynadan texnoloji istedadı olan insanları bura gətirmək bizim üçün o qədər çətin olmaz. Əgər həmin talant burada olsa, pul da olacaq və investisiya cəlb etmək bizim üçün daha asanlaşacaq. Təəssüflər olsun ki, Azərbaycandakı startaplar toxum investisiyalardan digər mərhələlərə adlaya bilmir. Əgər bu sahəylə bağlı qanunvericilik olmasa, irəliləyiş gözlənilmir.
— Etiraf edək ki, Azərbaycan bazarı balaca olduğundan investorlar üçün o qədər də cəlbedici deyil...

— Elədir. Amma bizim strategiyamız bir az başqadır. Biz Azərbaycana bazar kimi baxmaq istəmirik. İsraili misal göstərim. İnvestorlar İsraildəki startaplara İsrail bazarına görə deyil, startaplarının maraqlı olduğuna görə yatırım edirlər. Bilirlər ki, maraqlı startaplar digər ölkələrin bazarlarını zəbt edəcəklər. Biz də bu strategiyanı Azərbaycanda tətbiq etmək istəyirik. Bilirik ki, ölkəmizdə əhalinin sayı on milyona yaxındır, əhalinin ödəniş qabiliyyəti isə o qədər də yüksək deyil. Yüksək olsa belə, onlayn ödənişlər çox azdır. Buna görə Azərbaycana bazar kimi baxmaq lazım deyil. Üstəlik, bizim texnoloji talantımız, mühəndislərimiz Türkiyə, İranla müqayisədə çox azdır. Amma bu problemləri aradan qaldırmaq olar. Qeyd etdiyim kimi, dil baryerimiz yoxdur, müxtəlif mədəniyyətlər bir aradadır, stabil yerdir, kriminal demək olar, yoxdur. Yəni bura müxtəlif ölkələrdən insanları cəlb etmək rahat olar. Amma bunun üçün startapların inkişafına təkan verən bir sıra işlər görülməlidir. Startap layihələrinə bir-iki ilə yatırılan pulun qaytarılması nöqteyi-nəzərindən yanaşmaq olmaz. Buna daha çox uzunmüddətli dəyər kimi baxmaq lazımdır. Ümumiyyətlə, yatırılan pul hansısa dəyəri, məsələn, texnoloji istedadı, hansısa mühiti və s. yaradır. Hətta həmin investisiya qayıtmasa belə qısa zamanda, dəyər qalır.

— Ötən il “Khazar Ventures” şirkətinin təşkilatçılığı ilə İKT sahəsində çalışan bir qrup sahibkar ABŞ-ın Kaliforniya ştatına, dünyanin əsas texnoloji mərkəzi olan Silikon Vadiyə səfər etdi. Bu səfər startaplara nə qazandırdı?

— Həmin səfəri azərbaycanlı investorları texnologiya dünyası ilə daha yaxından tanış etmək üçün düzənlədik. İnvestorlara göstərmək istədik ki, bizim danışdıqlarımız dünyada doğurdan da tətbiq edilir. Düzdür, dünyanın heç bir yerində Silikon Vadinin təkrarını yaratmaq olmaz. Çünki orada sosial institutların bir-biri ilə əlaqəsi o qədər mükəmməldir ki, onu “kopya” etmək çətindir. Misal üçün, dünyanın heç bir yerində hansısa hüquqşünas, yaxud mühasib ola bilməz ki, startap yaradan adama desin ki, sizə pulsuz iş görürəm, amma yarım milyon investisiya alandan sonra oradan 5 faiz mənim olacaq. Bu, başqa ölkədə qeyri-mümkündür. Amma Silikon Vadisində baş verir.

Düşünürəm ki, Silikon Vadiyə gedən investorlarımız çox böyük dəyərlər qazandı, böyük investorlarla, ümumiyyətlə, oranın cəmiyyəti ilə tanış olduq.

— Bizim yerli startaplardan ən uğurlusu hansıdır və uğurlu startaplara xaricdən investisiya cəlb edə bilmisiznizmi?

— “Khazar Ventures” şirkətinin bir startapına xaricdən investisiya cəlb edə bilmişik. Amma hansısa uğurlu Azərbaycan startapını misal çəkməkdə çətinlik çəkirəm. Uğur nə deməkdir? Hansısa startapa 10-20 milyon investisiya cəlb edilsə belə, onu hələ uğurlu saymaq olmaz. Startap o zaman uğurlu olur ki, startap səviyyəsindən şirkət səviyyəsinə keçərək stabil pul qazanır və yaxud dediyim kimi hansısa böyük şirkət tərəfindən alınır. Belə startapların ölkəmizdə yaranması üçün ən azı 3-4 il vaxt lazımdır. Bunun üçün isə indidən işə başlamalı, problemləri həll etməliyik.

— Özünüzü uğurlu gənc sayırsınızmı?

— Mənim uğurum o zaman olar ki, dediyim kimi, Azərbaycanda hansısa böyük startap quraq. O uğura tərəf getməyə çalışırıq. Müxtəlif institutlarla, partnyorlarla işləyirik. Düşünürəm ki, Azərbaycanda startapların inkişafı baxımından az iş görməmişik, startap ekosistemində ən aktiv olan təşkilatıq.

— Son olaraq, startapla məşğul olmaq istəyənlərə tövsiyələrinizi bildirərdiniz. Çünki həm də müxtəlif təşkilatlarda mentorluq edirsiniz.

— Əsas məsələ komandadır. Bu işə mütləq tək deyil, komanda ilə başlamaq lazımdır. Komandanın üzvlərinin bu sahədə biliklərinin olub-olmadığına fikir vermək lazımdır. Daha sonrakı mərhələdə startaplar ideyalarını reallaşdırmalıdırlar, yəni quru ideya ilə harasa investisiya üçün müraciət etmək düzgün deyil, heç buna dəyməz. Əgər startap ideyasını reallaşdırmaq üçün özünə əziyyət verməyib, birbaşa investora müraciət edirsənsə, bu, mənasızdır. Belə anlaşılır ki, özünə əziyyət vermir və həmin əziyyəti başqasının çiyinlərinə qoymaq istəyirsən. Buna görə də hər bir startap imkanı daxilində öz məhsulu üzərində çalışmalıdır.

Üçüncü məsələ, bazardır. Azərbaycan bazarı balaca olduğuna görə məsləhətdir ki, hər bir startap təkcə bizim bazar üçün deyil, başqa ölkələrin bazarı üçün nəzərdə tutulan məhsullar üzərində çalışsınlar. Ola bilər ki, Azərbaycanda başlanğıc üçün uğur əldə etmək mümkündür, amma sonrakı mərhələlərdə Azərbaycanda çox böyük nailiyyətlər əldə etmək çətindir. Qeyd etdiyim kimi, əhalinin ödəniş qabiliyyəti azdır, onlayn ödəniş isə ondan da azdır.

Dördüncü əsas olan, startap üçün sürətli böyüməkdir. Bu gün 100, sabah 300, o biri gün 500 istifadəçi — mütləq belə böyüməlidir. Həmin böyüməni investora göstərə bilsən, hər bir investor sənə investisiya yatırımı edəcək, özün də həmin startapın bəhrəsini görəcəksən. // "KASPİ" qəzeti

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
79
Başlıqları
169
Reytinq
6.84

Müsahibə

IT sahəsində çalışan insanlarla müsahibələr.

Oxucuları
4
Başlıqları
30
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər