Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsi elan olunub


Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına dəstək məqsədilə Azərbaycan Respublikası Təhsil nazirliyi, “Microsoft Azerbaijan” şirkəti, Yüksək Texnologiyalar Parkı və “Nar” tərəfindən ənənəvi olaraq “Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

Qeyd edək ki, Azərbaycanda sözügedən müsabiqə ildə bir dəfə olmaqla artıq üçüncü dəfə təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edirlər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”. Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.

21 noyabr 2016-cı il tarixdə müsabiqə münasibətilə təşkil olunmuş görüşün əsas məqsədi tələbələrin yenilikçi ideyalara malik gənclər üçün mövcud olan imkanlar haqqında məlumatlandırılması idi. Tədbirdə informasiya texnologiyaları və biznesin inkişafı istiqamətində yerli və xarici şirkətlərin təqdim etdiyi məhsul, proqram və təşəbbüslər təqdim olundu. Görüş çərçivəsində ənənəvi “Microsoft Imagine Cup – 2017” müsabiqəsinin şərtləri izah olundu. Bununla bərabər, tələbələr üçün nəzərdə tutulmuş digər layihə və imtiyazlar da tədbirdə müzakirə edilən mövzular arasında yer aldı.


Gələn ilin yanvarın 1-dən aprelin 15-dək müsabiqəyə hazırlıq işləri aparılacaq, daha sonra isə, aprelin ortalarında, milli turun finalı keçiriləcək ki, nəticədə 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaq və ikinci turda – gələn ilin aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək.
Xatırladaq ki, Azərbaycanı təmsil edən komanda ötən “Microsoft Imagine Cup – 2015” müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə “NoObs” komandamız “İnnovasiyalar” kateqoriyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın komandasına “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsi uğur gətirib.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
169
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər