BİZim MoBiz 1 yaşında

Baş redaktordan 1 yaşa sözardı…

«Düz 1 il öncə Azərbaycan telekommunikasiya sektorunda günəş doğdu», «Ağır və məşəqqətli yollar keçib bu günlərə gəldik, „Bizim sayəmizdə sektor ayaqdadır“- təbii ki, bunların heç birini deməyəcəyik, ən azından özümüz.

Amma Azərbaycanın ilk mobil biznes portalının 1 illik fəaliyyətini də təkzib edəsi deyilik. Bəli, dostlar BİZim MoBizin artıq 1 yaşı var.

»MoBiz niyə yarandı, niyə məhz MoBiz?" — sualının maraq doğuracağını nəzərə alaraq vaxtilə bu işə əncam çəkmişdik. İndi isə bir az 1 illik fəaliyyətimizdə olub-bitəndən danışmaq istərdik…

İşimizə 0-dan başladıq, sevgi ilə, inanaraq...Bəlkə Amerika kəşf etməyəcəkdik, amma nəsə edəcəkdik. Düzü, bu qədər qısa müddətdə tanınacağımıza da ümid etmirdik.

...MoBiz-i ilk «kəşf» edən dəniz quldurları, daha doğrusu media quldurları oldu. Təbii ki, heç bir istinad göstərmədən MoBizin materiallarından istifadə edərək. Nə də olsa, heç kimi tanımırdı, copy-paste-nin canı sağ olsun....:)

Amma çox qısa vaxt keçməmiş, ölkədə fəaliyyət göstərən hər 3 mobil operatordan müxtəlif tədbirlərə, mətbuat konfranslarına dəvətlər aldıq. Bu çox sevindirici idi. Deməli, sektor özü yeniliklərə açıq və ümumi inkişaf naminə əməkdaşlıqlara maraqlı idi.

Bu bir il ərzində əsas prinsiplərimiz olan neytrallıq və şəffaflığı təmin etməyə çalışdıq. Bir çox sahədə olduğu kimi bu sahədə də ixtisaslaşma düzgün getmədiyindən, verdiyimiz suallların, açdığımız müzakirələrin, apardığımız sorğu və təhlillərin bəlkə də qıcıq effekti doğuracağını düşünürdük. İnkişaf üçün isə irəliləmək lazım idi. Əsas məsələ obyektivliyi qorumaq ən böyük məqsədlərimizdən biri idi. Bazarın heç bir «oyunçu»su arasında fərq qoymadıq, müsbəti ilə, mənfisi ilə… Gördüyü və görmədiyi, görmək istədiyi və görəcəkləri bütün işləri işıqlandırmağa çalışdıq. Bəlkə də məhz bu obyektivliyimiz, bu inadkarlığımız sonradan ən böyük müsbətimizə çevrildi…

Hər işimiz yağ kimi getdi deyə bilmərik təbii ki...Çünki ilk başlarda şirkətlərin mətbuat xidmətlərindən az çəkmədik. :) «Gün ərzində cavablandırılacaq» deyilən sorğularımız, aylarla email-larda «dincəldi»...Yorulmadıq, gözlədik.

Viral reklam mövzusunu gündəmə gətirdik, mobil sektora dair araşdırmalar, statistikalar təqdim etdik, dünyada və ölkədə mobil biznesin vəziyyətini, mobil marketinqi, 3G və 4G texnalogiyalarını işıqlandırdıq. Köşə yazarlarımız maraqlı mövzuları işıqlandırdı.

Günlərlə telekom sahəsinin müzakirə mövzusuna çevrilən müzakirələrimiz oldu. Telekommunikasiya sektorunu “dəbdə” olan sahə adlandıran müsahibimiz də oldu, yubileyləri ərəfəsində sevincini MoBizlə bölüşən də, yaşadığımız dövrü mobil həyat adlandıran da, təmsil etdiyi şirkəti “milli mobil opetaror” olaraq görən də, dünyanın “o” başından gələn də — hər biri bizim üçün dəyərli oldu…
MoBizə hansısa operatorun və ya qurumun layihəsi kimi yanaşanlar da oldu, işimizə əngəl törətmək istəyənlər də, “alınan iş deyil” deyənlər də…Amma dostlarımız daha çox oldu deyəsən…MoBiz yarandığı gündən mənəvi dəstəyini heç əsirgəməyən, daim yanımızda olan, ideyalarımızı gerçəkləşdirməyə daim bizi ruhlandıran dostlarımız…

Aprelin 6-da “Park İnn” oteldə olan “Mobiz.az”-ın təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq “Azərbaycanda mobil biznes imkanları” mövzusunda konfrans keçirildi.

Konfransda Azərbaycanda telekommunikasiya sektorunun inkişaf dövrü, ölkəmizdə mobil internetin mövcud vəziyyəti və perspektivləri, mobil tətbiqlər, təhsil sahəsində mobil texnologiyalardan istifadə, mobil internet istifadəsi və s. mövzularda çıxışlar dinlənildi, mövzu ətrafında müzakirələr aparıldı.

Konfransda Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri, eyni zamanda, qonşu ölkələrin nümayəndələri də iştirak etdilər. Mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə yanaşı, müxtəlif QHT nümayəndələrinin də iştirak etdiyi tədbirdə “Nokia”, “SAZZ”, “Beeline”, “Azerfon”, “Bakcell”, “Timwe”, “General Mobile”, “Apple” kimi nüfuzlu şirkətlərin nümayəndələri ekspert qismində qatıldılar.

Təbii ki, qüsurlarımız da yox deyildi. “Hansı inkişaf və uğur yalnız müsbətlərdən ibarət, tam qüsursuz olur ki?!” – səhvlərimizi, qüsurlarımızı bizə qarşı istifadə edib ruhdan salmaq istəyənlərə qarşı yeganə reaksiyamız bu oldu. Səhvlər varsa, onları mütləq aradan qaldırıb doğru yolda irəliləmək lazımdır. Karvan dayanmamalıdır, hələ qarşıda keçiləcək, görüləcək çox işlər, çox planlar var…

Fəaliyyətimiz sadəcə Azərbaycanla məhdudlaşmır, bunu keçirdiyimiz konfransla da vurğulamağa çalışırıq. Gələn il üçün layihəmizin ingilis dilli versiyasını hazırlayaraq qonşu ölkələri də əhatə dairəmizə salmağı planlaşdırırıq. Portalımızda “Vakansiya” və “Təhlil” kimi yeni bölmələr açmağa hazırlaşırıq.

Bir sıra yerli və beynəlxalq tədbirlərin tərəfdaşı, informasiya dəstəkçisi qismində çıxış edirik. Buna misal olaraq, 10-11 Oktyabr 2012-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Avropa, Yaxın Şərq və Afrika(EMEA) regionunda yaranmaqda olan bazarları xüsusi hədəfə alan yeganə beynəlxalq texnoloji, rəqəmsal və sahibkarlıq eko sistemi mövzusunda təşkil olunan Webit 2012 konfransının və 18-19-u Ukraynanın Kiyev şəhərində keçiriləcək “Mərkəzi və Şərqi Avropa sahibkarları günü”nün (İDCEE 2012) Azərbaycandan olan yeganə və rəsmi tərəfdaşı olduğumuzu qeyd edə bilərik.

Bir sözlə, Mobiz bundan sonra da mobil sektordakı bütün istiqamətlərin inkişafına özünü həsr edəcək. Azərbaycandakı start up biznesinin dəstəyinə, developer bazarının inkişafına, sektordakı imkanların biznesdə və vətəndaşların gündəlik həyatlarında rahatlıqlarının təminatındakı rolunun artmasına çalışacaq.

Müəllif: Ellada Mustafayeva

Aid olduğu bloglar

Redaktorun Seçimi

Seçilmiş yazıların toplandığı bloq

Oxucuları
1
Başlıqları
58
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər