“Windows Phone” müsabiqəsinin final mərasimi keçirildi


Bu gün — 31 oktyabr 2012-ci il “Hilton Baku” otelində “Hackathon” layihəsi çərçivəsində, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Microsoft Azərbaycan”, “Nokia” və “Nokia”nın Azərbaycandakı rəsmi nümayəndəsi “MobiTel” şirkətlərinin dəstəyi ilə reallaşan “Windows Phone” müsabiqəsinin final mərasimi keçirilib.

Tədbirdə RİTN, Microsoft, Nokia, MobiTel və digər şirkətlərin nümayəndələri çıxış edib. İlk olaraq çıxış edən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji Araşdırma, İnvestisiya və elmi potensial şöbəsinin rəhbəri Elçin Zeynalov müsabiqənin əhəmiyyətini və gənclərin bu sahədəki aktivliyini yüksək qiymətləndirib.

Daha sonra “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov çıxış edərək, bu layihənin həm də gənc istedadların üzə çıxarılmasında böyük rol oynadığını qeyd edib.

“Nokia”nın Azərbaycandakı rəsmi nümayəndəsi “MobiTel” şirkətinin kommersiya direktoru Cümşüd Əliyev müsabiqənin Azərbaycanda mobil proqram sahəsinin inkişafına böyük bir töhfə olduğunu bildirib.

Sonda müsabiqənin təşəbbüskarı olan “Hackathon Azərbaycan” layihəsinin rəhbəri Rəşad Əliyev çıxış edərək, müsabiqə ilə bağlı statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, müsabiqə zamanı 8 mobil tətbiq hazırlanıb və münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə, müsabiqəyə dəstək göstərən bir sıra Azərbaycan İKT təşkilat və şirkət nümayəndələrindən ibarət münsiflər heyətinin müəyyən etdiyi qaliblər elan olundu:

1-ci yer: Elnur Məmmədov, azerdict.com internet resursunun məlumat bazası əsasında formalaşan, tərcümə xidməti “Aztionary” tətbiqi

2-ci yer: Fərhad Cəbiyev, “Twisland” oyunu

3-cü yer: Rüfət Babakişiyev, “ANS PRESS” informasiya agentliyinin xəbərlərini yayımlayan tətbiq

Qaliblər Windows Phone 7 əməliyyat sistemi üzərində işləyən Nokia Lumia telefonları ilə mükafatlandırılıblar. Bundan əlavə, müsabiqənin bütün iştirakçılarına “Microsoft Azərbaycan” və “Mobitel” şirkətlərinin həvəsləndirici hədiyyələri və “Hackathon Azərbaycan” layihəsinin sertifikatları təqdim olunub.

Məlumat üçün qeyd edək ki, müsabiqənin təşkilatçıları “İlk Addımlar” elektron təhsil layihəsi və wpblog.az saytıdır.

Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər