Formula 1 - Son 3 ay...


Bu il Bakıda Formula 1 üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisinin başlamasına 3 ayın qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkə ictimaiyyətini Novruz Bayramı münasibəti ilə təbrik edir və böyük məmnuniyyətlə hamını bayram müddətində dənizkənarı bulvarda salınacaq Formula 1 əyləncə zonasını ziyarət etməklə yanaşı, axşamları burada təşkil olunacaq konsert proqramlarında iştirak etməyə dəvət edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2016-cı il Formula 1 mövsümünün səkkizinci yarışı olan Avropa Qran Prisinə 3 ayın qalmasını martın 19-da dənizkənarı bulvarda təntənəli surətdə qeyd edəcək. Novruz Bayramı ilə üst-üstə düşən bir vaxtda Formula 1 yarışının Bakıya gəlişini bayram əhval-ruhiyyəsində qarşılayan əməliyyat şirkəti keçirəcəyi silsilə tədbirlərlə ölkə ictimaiyyəti arasında Avropa Qran Prisinə qarşı maraq oyatmağa və yarış haqqında məlumatlılığı artırmağa çalışır.
Əməliyyat şirkəti bu məqsədlə Dənizkənarı Milli Parkın Muzey Mərkəzi ilə üzbəüz olan ərazisində əyləncə zonası quracaq və martın 19-da bu zonanın rəsmi açılışını edəcək. Martın 20-dən etibarən ictimaiyyətin ziyarətinə açıq olacaq bu zonada simulyasiya oyunlarına, azyaşlı uşaqlar üçün əyləncə məkanına və könüllülər və marşalların fəaliyyətini işıqlandıran xüsusi guşələrə yer veriləcək. Əyləncə zonası Avropa Qran Prisinə qədər hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.
Bununla birlikdə, Novruz Bayramı ərəfəsində keçiriləcək konsert proqramları üçün əyləncə zonasının yanında səhnə qurulacaq. Burada 20-23 mart tarixlərində hər gün saat 16:00-dan 22:00-dək tanınmış yerli müğənnilərin iştirakı ilə konsert tədbirləri keçiriləcək. Eyni zamanda martın 21-də, saat 20:00-dan 22:30-dək Muzey Mərkəzinin divarları üzərində lazer şüaları vasitəsi ilə Formula 1 haqqında animasiya şousu baş tutacaq.
ŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bayramla əlaqədar yüksək səviyyədə hazırlıqların görüldüyünü bildirərək hamını dənizkənarı bulvarda təşkil olunacaq tədbirlərdə yaxından iştirak etməyə çağırdı: “Artıq yeni mərhələyə qədəm qoymuşuq. Novruz Bayramı ərəfəsində biz dənizkənarı bulvarda yarışla əlaqədar əyləncə zonasını fəaliyyətə veririk. Burada Siz həm əylənə, həm də Formula 1 ilə bağlı maraqlı məlumatlar əldə edə bilərsiniz. Eyni zamanda rəsmi saytımızı da yeniləyirik. Bayram ərəfəsində istifadəyə verəcəyimiz yeni saytda Siz Avropa Qran Prisi ilə yanaşı, ümumilikdə Formula 1 haqqında daha ətraflı və dolğun məlumatlar əldə edə biləcəksiniz. Hamınızı həm əyləncə zonasında iştirak etməyə, həm də yeni saytımızla tanış olmağa dəvət edirəm”.
Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yeni istifadəyə veriləcək saytında yarışı izləmək üçün Bakıya gələcək xarici və yerli tamaşaçıların istəkləri xüsusi olaraq nəzərə alınıb. Belə ki, yeni saytda olacaq bölmələrdən biri Azərbaycana və xüsusən də Bakı şəhərinə həsr olunub. Bu bölmədə ölkənin tarixi, mədəniyyəti, mətbəxi, iqlimi və digər zəruri məlumatlar öz əksini tapacaq.

Aid olduğu bloglar

Formula 1

Bu bloqda 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı məlumatlar əks olunub.

Oxucuları
1
Başlıqları
3
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər