Gəncə Dövlət Universitetinin məzununun layihəsi 2.5 milyon avro məbləğində qiymətləndirilib

Hollandiyada yaşayan həmyerlimiz Bəhruz Məmmədovun layihəsi 2.5 milyon avro məbləğində qiymətləndirilib. Diaspor Jurnalistlər Birliyindən verilən məlumata görə, bu günlərdə B.Məmmədovun həmtəsisçisi və əsas səhmdarlarından olduğu “Eurekite” şirkəti ABŞ-ın “Cottonwood” investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya barəsində müqavilə imzalayıb.
Bahruz Mammadov
Bəhruz Məmmədov gənc yaşında bu uğura imza atmasını belə izah edib: “Eurekite” şirkəti Niderlandda yerləşir və Avropanın ən böyük nanotexnologiya institutu olan “Mesa+” Nanotexnologiyalar İnstitutunun törəmə şirkətdir. Şirkətin əsas istiqaməti nanomaterial əsasında yeni tip elektron cihazlar hazırlamaqdır. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar texnologiyalarının inkişaf etdirilməsi ilə məşğuldur. Bir çox şirkət verdiyimiz ideyalar və şirkətimiz haqqında maraqlanıb. Bir neçə şirkət öz investisiyalarını təklif etsə də, sonda “Cottonwood”la anlaşdıq. “Cottonwood” investisiya şirkəti tərəfindən qoyulan sərmayə şirkətin beynəlxalq səviyyədə partnyorlar tapmasına və tez bir zamanda məhsulun beynəlxalq bazara çıxmasına zəmin yaradacaq. İlkin razılaşmaya əsasən bir ildən sonra 10-20 milyon avro arası 2-ci mərhələ investisiyanın olması gözlənilir. Nanotexnologiya Azərbaycanda inkişaf etməyib, amma çalışacağam ki, şirkət daha da güclənəndən sonra Azərbaycana da öz töhfəmi verim”.

Qeyd edək ki, Bəhruz Məmmədov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub. Karyerasına “Buxar” şirkətlər qrupunda kimyaçı vəzifəsində başlayıb. 2009-cu ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat şirkətində kimyaçı kimi çalışıb. Qısa müddətdə Əməliyyat işləri üzrə mühəndis və istehsalat işləri aparıcı mühəndis vəzifəsinə yüksəlib. 2012-ci ildə Niderland Krallığının “Twente” Universitetində Kimya mühəndisliyi fakültəsində magistr təhsilinə başlayıb. 2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışıb. 2014-cü ilin oktyabr ayında həmtəsisçi olaraq “Eurekite” şirkətinin əsasını qoyub. O, hazırda “Eurikte” şirkətinin əsas səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor vəzifəsində çalışır.

B.Məmmədov ilk azərbaycanlı gəncdir ki, nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyub. Diaspor Jurnalistlər Birliyinin (DJB) İdarə Heyətinin üzvü olan B.Məmmədov Azərbaycanla bağlı keçirilən beynəlxalq tədbirlərdə də ölkəmizi uğurla təmsil edir.

Mənbə: Gəncə Dövlət Universiteti

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər