Azərbaycan dilində WP pluginlər – WP-PageNavi 2.82

Blogun Səhifələnməsi haqqında.

Blogda məqalələrin sayı çoxaldıqca bütün məqalələri Ana Səhifəyə yerləşdirmək məqsədəuyğun deyildir. Belə ki, Ana Səhifədə məqalələrin sayı nə qədər çox olarsa, məlumatlar bazasına sorğuların sayı da çoxalacaqdır ki, bu da internet sürəti zəif olan ziyarətçilərin hövsələdən çıxaraq blogunuza bir daha qayıtmama halı yarada bilər. Bunun üçün məqalələrin ümumi sayını müəyyən statik hissəyə bölüb, bu saydan sonra növbəti səhifəyə keçid vermək çox əlverişlidir. Məsələn: ilk 5 məqaləni birinci səhifədə, sonrakı 5 məqaləni isə ikinci səhifədə və ilaxır. Bunu avtomatik etmək üçün WordPress Admin Panelində Settings->Reading bölməsinə daxil olub, Blog pages show at most -> 5 seçmək olar ki, hər 5 məqalə növbəti səhifəyə keçid vasitəsilə yerləşdirilsin. Keçid vasitəsiylə məqalələrin hər səhifədə eyni sayda yerləşdirilməsi, yəni səhifələnmə (pagination) bir çox WordPress temalarda çox primitiv formada olur. İstifadəçi üçün səhifələnməni daha funksional etmək üçün WP-PageNavi adlı mükəmməl bir plugin mövcuddur. Bu plugin tərəfimdən Azərbaycan dilinə tərcümə olunmuşdur. İlk öncə onu qeyd edim ki, WP pluginlərinin Azərbaycan dilində görüntülənməsi üçün WordPressin təməl papkasındakı wp-config.php faylında:

define('WPLANG', '');

kodu

define('WPLANG', 'az_AZ');

kodu ilə əvəz edilməlidir.

WP-PageNavi plugininin quraşdırılması.
1.Bu plugini WordPressin rəsmi səhifəsindən yükləyin.

2.Azəri dilində WordPress pluginlər – Contact Form 7 ver. 3.1 məqaləsində pluginin quraşdırılması haqqında ətraflı yazdığıma görə, burda qısa izah verirəm. WP Admin Panel->Plugins->Add New bölməsindən plugini quraşdırın.

3.Plugini aktivləşdirin.

4.wordpress->wp-content->themes->sizin_tema papkasında loop.php (WP-nin üstündə standart olaraq quraşdırılan Twenty Ten və Twenty Eleven temalarında loop.php faylında, digər temalarda isə pagination.php faylı da ola bilər) faylını Notepad++ mətn redaktorunda açın.

5.Aşağıdakı kodu tapın:
<div><?php next_posts_link( __( '<span>←</span> Older posts', 'twentyten' ) ); ?></div>
<div><?php previous_posts_link( __( 'Newer posts <span>→</span>', 'twentyten' ) ); ?></div>


6.Bu kod ilə əvəz edin:
<?php wp_pagenavi(); ?>


7.Bu qədər! Blogun Ana Səhifəsini açıb yoxlayın, məqalələrin sayı çox olduğu təqdirdə 1,2,3 kimi keçid səhifələnməsi peyda olacaqdır.

Səhifələnmənin dizaynı – WP PageNavi Style plugini vasitəsilə.
Razılaşaq ki, bura qədər etdiklərimizdən sonra səhifələnmənin (pagination) dizaynı elə də ürəkaçan deyildir. Bunu etmək üçün WP PageNavi plugininin müəllifləri səhifələnməyə CSS stillər verərək rahat və gözəgəlimli hala gətirən WP PageNavi Style adlı plugini təqdim edirlər. WP PageNavi Style plugini yalnız ilk plugin quraşdırıldıqdan sonra işləyir. WP PageNavi Style pluginini WordPressin rəsmi pluginlər səhifəsindən yükləyə bilərsiniz. Plugini yükləyin, quraşdırın və aktivləşdirin. Sonra WP Admin Paneldə PageNavi Style Bölməsinə daxil olun.

Bu pluginin nizamlama bölməsidir ki, burdan əvvəlcədən daxil edilmiş hazır stillərdən birini seçə bilərsiniz.Yaxud Custom seçərək, öz stilinizi təyin etmək haqqınız da vardır.

Blogun Ana Səhifəsinə keçdikdə hər şey alındı deməyimiz üçün bir addım qalır. Bu da ingilis dilində olan Pages,First,Last,of sözlərinin Azərbaycan dilində görüntülənməsinə nail olmaqdır. Bunun üçün WP Admin Panel->Settings->PageNavi nizamlamalarına daxil olmaq lazımdır. Orda isə hər şey yağ və bal kimi hazırdır. Hər şey Azərbaycan dilində olduğundan əziyyət çəkməyinizi təsəvvür belə etmək istəmirəm.

Bu qədər! Bura qədər səbrlə addım-addım hər bir şeyi düzgün etdinizsə blogunuzda səhifələnmə Azərbaycan dilində və gözəl stildə quraşdırılmış olacaq. WP-PageNavi 2.82 plugininin Azərbaycan dilinə tərcüməsində qüsurlar aşkarlarsınızsa, zəhmət olmasa şərh yazaraq mənə bildirin. Pluginin növbəti versiyasında səhvlərinə aradan qaldıracağına çalışacam.

2 şərh

saka-muka
Təşşəkürlər quraşdırib istifadə edirəm bəyəndim

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər